Türkoba

Kəndin adı:
Türkoba    

Əhalisi:    

3120 nəfər

Ərazisi:    
391 ha    

Coğrafi mövqeyi: 
Türkoba yaşayış yeri rayon mərkəzindən 12 km Cənubda Boradigah-Lənkəran (şose) avtomobil yolunun hər iki tərəfində yerləşir.

Kəndin əsas məşğuliyyət
i: 
Türkoba kəndində əhalinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.    

Həmsərhəd olduğu kəndlər: 

Türkoba Şərqdən Lənkəran rayonun Qumbaşı, Şirinsu, Boladi kəndləri, Şimaldan Boradigah qəsəbəsi, Qərbdən Qəzvinoba, Hişkədərə, Cənubdan Mahmudavar kəndləri ilə həmsərhəddir.

Kəndin adının mənası:
“ Türkoba” rayonumuzun ərazisində mənası məlum olan “ şəffaf ” toponimlərdəndir. Belə ki, Türkoba, türklərin obası deməkdir. Toponim tayfa, qəbilə adları əsasında yarandığı üçün buna onomastik sistemdə etnotoponim də deyilir. Bu toponimin yaranmasını türkdilli əhalinin bu əraziyə köçürülməsi və onların burada məskunlaşması ilə izah etmək olar. Beləliklə, Türkoba toponiminin, əsasən , XIII əsrdən yaranmağa başlanmasının nəinki tarixçilərimiz, hətta dilçi alimlərimiz də təsdiq edirlər. “ Türk “ sözünün mənasına gəldikdə qeyd edək ki, A.A. Bakıxanov bu sözü “gözəl”, M. Kaşğari, “günəş”, “gənc”, akademik A, Kononov, “güc-qüvvət“, “yaranmaq” D. Aytmuratov, “ saçlı-hörüklü” kimi izah etmişlər. Lakin bu sözün dəqiqləşdirilmiş mənası elmə tam məlum deyildir.
Sair Rəfiq Zəka Xəndan deyib:
“ Masallıda bir oba var Türkoba,
Bu obaya ad qoyana mərhəba”

Kənddə ilk məktəbin açıldığı tarix
Türkoba kəndində ilk məktəb 1937-ci ildə açılmışdır.

Kəndin ilk ali təhsillisi: 

Abdullayev Sahib Fərzulla oğlu.
1915-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olub. 1938-ci ildə Lənkəran Pedaqoji Texnikumunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonun Tatyanoba kənd məktəbindən başlayıb. Burada işləyə-işləyə qiyabi olaraq Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində oxuyub. 1941-ci ilə kimi müəllim işləyib. Faşist Almaniyası ölkəmizə hücum edəndə Türkoba kəndindən onlara igid silaha sarıldı, Vətəni müdafiəyə getdi. İgidlərin bir çoxu əbədiyyətə qovuşdu. Sinəsi orden və medallarla dolu qayıdanlar da oldu. Sahib Abdullayev də belələrindən idi. O, Berlindəki döyüş yolu keçmiş faşistlərə qan uddurmuşdur. Orduda baş serejant olub. 1945-ci ildə Cəbhədən qayıdıb. Masallının Mahmudavar, Türkoba , Miyənkü, Tüklə, və Qəzinoba kəndlərində müəllimlik edib. 50 ildən çox pedaqoji cəbhədə çalışıb. Şagirdləri filoloq, alim kimi yetişiblər. 1953-cü ildə şagirdi olmuş, filologiya elmləri namizədi Qulamhüseyn Əliyevlə bir yerdə çalışıb. Bahadur Tağıyev ( fizika – riyaziyyat elmləri doktoru, professor , Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü ) Almas Kişiyev (alim-aqronom) Əbdül Kazımov (filoloq) və başqaları onun şagirdləri olublar). Sahib müəllim Masallının Qəzvinoba kənd 8 illik məktəbində 80-ci illərə kimi çalışıb. Sonrada təqaüdə çıxıb. O, əsl bağban idi.

Kəndin Qarabağ müharibəsi uğrunda gedən döyüşlərdə milli qəhrəman və şəhid olmuş sakinləri haqqında:
Əliyev Ənvər Səlim oğlu 
1974-cü ildə Masallı rayonun Türkoba kəndində anadan olmuşdur. 1992-ci ildə ordu sıralarına çağırılmışdır. Murovdağ və Ağdərə istiqamətlərində vuruşmuşdur. 1994-cü ilin yanvar ayında Ağdərə döyüşlərində şəhid olmuşdur. 

Böyük Vətən müharibəsində iştirak edənlər: 
İbrahimov İslam Mikayıl oğlu 
İslam kişi 1926-cı il Türkoba kəndində anadan olmuşdur.

Kəndin ziyalıları haqqında: 
Əliyev Qulamhüseyn Nüsrət oğlu 
1928-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olmuşdur. Qulamhüseyn müəllim 1950-ci ildən Masallının təhsilinin inkişafına kömək edənlərdən olub. On iki ildən sonra fəaliyyətini Azərbaycanın məşhur institutlarında davam etdirib. Şairlərin yaradıcılıqlarını tədqiq edən alim bu sahədə böyük şöhrət tapmışdı. Çalışdığı hər iki universitetdə Dillər Universiteti və N. Tusi adına Pedaqoji Universitetdə çalışdığı dövrlərdə yüzlərlə filoloq, ədəbiyyatçınınn yetişməsində müstəsna əməyi olmuşdur. 

Sultan Sərdar oğlu Hüseynov 
1935-ci ildə Türkoba kəndində anadan olmuşdur. 1954-cü ildə sənədlərini Gəncə Kənd Təsərrüfatı İnstitutuna verib, 1959-cu ildə ali məktəbi uğurlu qiymətlərlə bitirib, alim-zootexnik ixtisasına yiyələnmişdir. 1959-cu ildə Masallı rayonunun Təklə kəndindəki H. Aslanov adına sovxoza təyinat almışdır. Sonra Türkoba kəndindəki, Kirov adına kolxozda zootexnik işləmişdir. 1963-1965-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasında oxuyanda həyatda, başçılıq etdiyi təsərrüfatdan xeyli təcrübə əldə etmişdir. 1973-cü ildə Ali Attestasiya Komissiyasının qərarına əsasən Sultan Hüseynova kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsi verildi. Aspiranturanı bitirdikdən sonra ömrünün sonuna kimi Azərbaycan Quşçuluq Sənayesi İdarəsində zootexnik vəzifəsində çalışdı. Sultan Sərdar oğlu Hüseynov 25 noyabr 1979-cu ildə vəfat etmişdi

Dadaş Həsən oğlu Bağışov
1941-ci ildə Türkoba kəndində anadan olub. Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun xarici dillər kafedrasında baş müəllim işləyib. Uzun müddət Azərbaycan Politexnik İnstitutunun dosenti, işləmiş, ömrünün sonuna kimi Özbəkistan Respublikası Çizal şəhər Pedaqoji Universitetinin xarici dillər kafedrasına başçılıq etmişdir. Filologiya elmləri namizədi idi. Dadaş müəllimin iki övladı var və həyat yoldaşı Əhmədşina Faniya Abazan qızı 1941-ci ildə Özbəkistanın Səmərqənd şəhərində anadan olmuşdur. Uzun müddət Bakı şəhərində yaşayıb, Azərbaycan Elmlər Akademiyasının tarix İnstitutunda baş elmi işçi işləyib. Tarix elmləri doktorudur. 

Fərzullayev Tofiq Sahib oğlu 

13 avqust 1941-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olub. Mahmudavar kənd orta məktəbini 1959-cu ildə bitirib. Bakı şəhərində tikinti idarəsində çalışıb. 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1967-ci ildə Kimya texnologiyası neft və qaz emalı” fakültəsində mühəndis-texnoloq ixtisasına yiyələnib. Təyinatını Bakı Neftqayırma zavoduna almış, burada ixtisası üzrə uzun müddət işləmiş, bir sıra özəl müəssisələrdə fəaliyyət göstərmişdir. Qeyri-standart neft emalı qurğularının layihələşdirməsində geniş fəaliyyəti olmuşdur. Bu sahədə çoxlu ixtiraları və yenilikləri vardır. 1967-1970-ci illərdə ordu sıralarında xidmət etmişdir. Tofiq müəllim ixtisası üzrə alim-texnoloq, kimya elmləri namizədidir. Hazırda Neft emalı üzrə layihələşdirmə və quraşdırması üzrə baş mühəndis işləyir. Neft kimyası sahəsində, xüsusilə neftin və neft məhsulları tullantılarının təkrar emalı qurğularının layihələndirilməsi, tikilməsi və praktiki olaraq işə buraxılması sahəsində zəngin təcrübəsi vardır. Bu tipli qurğuların İranda, Qırğızıstanda, Əfqanıstanda, Azərbaycanda, Özbəkistanda, Rusiyada, Qazaxıstanda və s. ölkələrdə layihələndirilməsində, tikilib istifadəyə buraxılmasında iştirak etmişdir. Tikilən və İstifadəyə buraxılan qurğular əsasən neft mənşəli tullantıların təkrar emalı üçün nəzərdə tutulur ki, bu da öz növbəsində dünyada çox aktual olan ətraf mühitin çirklənməsinin qarşısının alınması probleminin həllinə kömək edir. Son illər Rusiyanın regionlarından Tofiq müəllimin müəllifi olduğu layihələrə maraq artmış, yeni sifarişlərlə müraciət olunur. 

Məmmədov Nəsimi Nəriman oğlu 
19 mart 1958-ci ildə Türkoba kəndində anadan olub 1974-75-ci tədris ilində S. Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1976-1978-ci illərdə Almaniyada ordu sıralarında xidmət edib. 1978-ci ildən Moskva şəhərində Lixaçov adına zavodda fəhlə işləyib. 1979-1983- cü illərdə Orlovsk vilayətində Dövlət Yol Polisi ixtisası üzrə ali təhsil almışdır. 1983-1985-ci illərdə Bakı şəhər Baş Dövlət Polis İdarəsində baş inspektor, 1985-1993-cü illərdə DYPB- nin baş inspektoru vəzifəsində işləmişdir. 1993-cü ildən hal-hazıra kimi Lənkəran şəhər DYPB-nin rəisi, polis mayorudur. 

Qurbanov Sübhan Rzabala oğlu 

1967-ci ildə Türkoba kəndində anadan olmuşdur. 1975-ci ildə S. Vurğun adına orta məktəbə getmiş, 1985-ci ildə həmin məktəbi bitirmişdir. 1985-1987-ci illərdə Monqolustanda hərbi xidmətdə olmuşdur. 1989-cu ildə DİN-nin Masallı rayon Polis şöbəsində polis nəfəri işləmiş, 1995-ci ildə Azərbaycan Respublikası DİN Polis Akademiyasına daxil olmuş, 2000-ci ildə oranı bitirmiş və Boradigah Polis bölməsində sahə inspektoru ,Biləsuvar RPŞ-də cinayət axtarışı bölməsində inspektor, məsul növbətçi işləmişdir. Hazırda Masallı RPŞ- nın Boradigah Polis Bölməsində sahə müvəkkilidir. Ali təhsilli hüquqşünasdır, polis kapitanıdır. Sübhan Qurbanov Qarabağ veteranıdır. Ağdərə, Şuşa, Qubadlı, Cəbrayıl və başqa döyüş bölmələrində vuruşmuşdur. Daşaltı əməliyyatında, xüsusilə iştirak etdiyinə və fərqləndiyinə görə Müdafiə Nazirliyi tərəfindən ona Fəxri Fərman verilmişdir.

Qurbanov Rzabala Əli oğlu 

1953-cü ildə Türkoba kəndində anadan olub. Türkoba və Şatıroba kənd məktəblərində katib kargüzar, 1954-1964-cü illərdə Masallı rayonundakı S. M. Kirov adına sovxozda, komsomol təşkilatının katibi, sovxozda çayçılıq şöbə müdiri, sovxoz partiya komitəsinin mühasib katibi, 1972 -1976-cı illərdə Boradigah çay fabrikinin direktoru işləmiş, həmin ildə Masallı rayon XDS İK-nin XV çağırış X sessiyasında Masallı rayon XDS İK-nin birinci müavini seçilmiş, 1980-ci ilə kimi həmin vəzifədə çalışmışdır. 1980-1982-ci illərdə Masallı rayon Çayçılıq Birliyinin rəisi, 1982-1983-cü illərdə Masallı çay Fabrikinin direktoru, Telman adına (Masallı rayonu Boradigah qəsəbəsində) sovxozun direktoru, Masallı rayonu Çayçılıq İstehsalat Birliyində baş mühəndis-texudoloq, Masallı rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsində baş texnoloq işləmişdir. 1998-ci ildə Türkoba Yerli Aqrar İslahat Komissiyasının sədri seçilmişdir. Ömrünün sonuna kimi həmin vəzifədə çalışmışdır. İşi və fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilərək “Əməkdə fərqləndiyinə görə”, “Əmək igidliyinə görə” medalları, “ Xalqlar dostluğu” ordeni ilə və bir çox Fəxri fərmanlarla təltif olunmuşdur. Fəaliyyəti dövründə yeddi dəfə Masallı rayon XDS –nin deputatı, 1959- cu ildən Sov. İKP- nin üzvü olmaqla yanaşı üç dəfə Masallı rayon Partiya Komitəsinin üzvü seçilmişdir. Boradigahda sovxoz direktoru işlədiyi 8 il müddətində inzibati idarə binası, müasir tipli xəstəxana binası , heyvandarlıq kompleksinin tikintisinə, Boradigah-Qumbaşı yolunun bişmiş asfaltla döşənməsinə nail oldu. Boradigah qəbiristanlığına gedən yolu asfaltlaşdırdı. Qəsəbə məscidinin əsaslı təmiri üçün yaxından köməklik göstərdi. Rəhbərlik etdiyi sovxoz SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri sərgisinin diplomunu aldı. Hələ Boradigah 1 saylı Çay fabrikinin direktoru işlədiyi illərdə Boradigah çay fabrikinin layihəsinin hazırlanması və Gürcüstandan gətirilməsi üçün böyük zəhmət sərf etdi. Çayçılıq Aqrar Sənaye Birliyinin rəisi olduğu müddətdə Masallı rayonunda naringi, feyxoa, kimi çoxillik sitrus bitkilərinin, geniş plantasiyalarının salınmasında gərgin zəhmət sərf etmişdir. Təcrübəli təsərrüfat rəhbəri kimi rayon miqyaslı problemlərin həllində yaxından iştirak edirdi. R. Ə. Qurbanov Türkoba Yerli Aqrar İslahat Komissiyasının sədri işlədiyi müddətdə əkin sahələrinin 70 %-in “Alçalıq” deyilən ərazidə kənddən 7 kilometr uzaqlıqda olduğunu nəzərə alaraq diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri Türkoba-Alçalıq yolunun əsalı şəkildə təmiri işi idi. Türkobada kənd təsərrüfatının bazar iqtisadiyyatı şəraitində inkişafı üçün yollar axtarır, əhalinin normal dolanışığının təmini üçün optimal variantlar düşünürdü. Lakin vaxtsız gələn amansız ölüm arzularının gerçəkləşməsinə imkan vermədi. R. Ə. Qurbanov 1998-ci ildə ömrünün 64-cü baharında dünyasını dəyişmişdir. 

Abdullayev Kamran Sahib oğlu 
11 mart 1961-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olub. 1968-1978-ci illərdə S. Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1978-ci ildən S. M. Kirov adına sovxozda Adil Ağayevin başçılıq etdiyi inşaat briqadasında çalışıb. 1979-1980-ci illərdə rayonumuzun Boradigah çay fabrikində işləyib. 1980-1982-ci illərdə Belarusiyanın Minsk şəhərində ordu sıralarında xidmət etmişdir. Orduda Sov. İKP-nin sıralarına qəbul edilmişdir. 1982-1983-cü illərdə 5 nömrəli Yol Tikinti İdarəsində işləmişdir. 1983-1988-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun stomatologiya fakültəsini bitirmişdir. 1988-1989-cu illərdə Lənkəran şəhər stomatoloji poliklinikasında həkim-stomatoloq, 1989-1993-cü illərdə Masallı rayon Mərkəzi xəstəxanasının Tüklə kənd həkim ambulatoriyasında həkim-stomatoloq vəzifəsində çalışıb. 1993-cü ilin iyun ayından 1998-ci ilə kimi Sankt-Peterburq şəhərində “ERLAND” Alman firmasında həkim-stomatoloq, 1998-1999-cu illərdə xarici firmaların birində maliyyə direktoru, vəzifəsində işləmişdir. 1999-cu ildə noyabrın 12-də Masallıda Böyük Britaniya - Azərbaycan Birgə Müəssisəsini (“ İST “ -İnternational Soles Tobacco -Beynəlxalq Tütün Ticarəti) yaratmış, təsisçisi və baş direktoru olmuşdur. Müəssisə 2002-ci ilin mart ayına kimi fəaliyyət göstərmişdir. 2002-2007-ci illərdə Sankt- Peterburq şəhərində “TABAK OPTORQ” Şirkətinin maliyyə direktoru vəzifəsində işləmişdir. 2007-ci ildə doğma Azərbaycana qayıdıb. Hazırda Bakı şəhərində çalışır. Əmək fəaliyyətini Masallı rayonu ilə qurur. Kamran Abdullayev dünyamın 60-dan çox ölkəsində olmuşdur. Türkiyə, Fransa, İtaliya, Finlandiya, İspaniya, Andora, Pakistan, İraq, İran, Almaniya, Böyük Britaniya və s. ölkələri gəzmiş, Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmış, doğma Azərbaycanımızın çiçəklənməsi naminə çalışmışdır. 2010-cu ildə Avstriyada Avropa Futbol Federasiyasının sədri, əfsanəvi futbolçu Mişel Platini ilə görüşüb, sonra həmin ildə yenə də Minsk şəhərində görüşmüş, Azərbaycan futbolunun bu günü və gələcəyi barədə söhbətlər etmişdir. Kamran müəllim 2011-ci ildə AFFA-nın 100 illiyi ilə əlaqədar əfsanəvi futbolçunun Azərbaycana dəvət olunmasının təşəbbüskarı kimi çıxış etmişdir.

Süfəddin Pərvaz oğlu Məmmədov 

1957-ci il də Türkoba kəndində anadan olub. 1977-ci ildə Bakı Bədən Tərbiyəsi Texnikumunu bitirən Süfəddin Məmmədov gələcək həyatını Türkoba kəndinə idmanın inkişafına sərf edib, uğurlu nəticələrə nail olub. Lürən, Qəzvinoba, hazırda Türkoba məktəbində dərs deyən Süfəddin müəllim şagirdlərdə də idmana böyük maraq oyadıb. Hazırda Türkoba kəndində idman metodisti işləməklə yanaşı kənd məktəbində fiziki tərbiyə müəllimi işləyir. Güləhməd Əbilovun yetişdirməsidir. Süfəddin müəllim işlədiyi illər ərzində idmanın bütün növləri üzrə rayon və Respublika yarışlarında iştirak etmişdir. Rəhbərlik etdiyi futbol və voleybol komandaları rayon çempionu olmuşdur. Son illərdə yetirmələri olan Türkoba voleybolçularının rayon məktəbliləri arasında fəxri yer tutması dediyimizə sübutdur. Bu uğurlu rayonun məktəblərindən ibarət yığma voleybol komandası da təkrar edib. Süfəddin Məmmədov məşqçisi olduğu və yarışa hazırladığı voleybolçular 3 il dalbadal respublika çempionu olmuşdur. Məktəb (gənclər yığma) komandası 2000-2012-ci illər ərzində Respublika və Azərbaycan çempionu olmuşdur. Onun yetirmələri Respublika yarışlarında 20-25 nəfəri ustalığa namizəd normasını doldurub. Süfəddin müəllim işlədiyi müddət ərzində yetişdirdiyi idmançılardan Azərbaycanın gənclərindən ibarət yığma komandasında oynamışlar Elşən Sadıqov, Fərid Cəlilov, Elxan Yusifov, Cavid Cəlalov, Ceyhun Fəttayev, Ülvi Ağayev, Fətulla İsayev, Niyaməddin Məmmədov. Süfəddin müəllim onlarca ustalığa namizəd yetişdirmişdir. Onların bəziləri təkcə ölkəmizdə deyil, xaricdə də məşhurdur. SSRİ İdman Ustası, Vasif Talıbov gənclər arasında olimpiya çempionu olub. SSRİ yığma komandasında çıxış edib. Türkobada voleybol mərhum Güləhməd Əbilov rayon yığma komandasının baş məşqçisi olanda daha da inkişaf etmişdİ. Həmin illər Şirbala Rzayev, Rahib Talıbov, Səyyad Quliyev, Alxas Quliyev , Ayət Məmmədov kimi idmançılarının səyi ilə Türkobanın voleybol komandası Respublika çempionatında yüksək pilləyə qalxmış çempion olmuşlar. Süfəddin müəllimin oğlu Niyaməddin Məmmədov Bakı Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib, atası ilə çiyin-çiyinə işləyir, ailə ənənəsini davam etdirir. 2000-2012-ci illərdə müxtəlif idman növləri üzrə (yeniyetmələr, gənclər, kişilər arasında) 14 dəfə Respublika çempionu adını qazanıblar. Milli komanda Riqa şəhərində yeniyetmələr arasında (voleybol üzrə) iştirak edib. Məşqçi Süfəddin Məmmədov olub. 2012-ci ildə kişilər arasında Azərbaycan çempionatı keçirilib. Bu ilin 8-15 mayda Biləsuvar şəhərində 10 komanda vəsiqə almışdır. arasında keçirilən yarışlarda finala vəsiqə Sumqayıt, MasallI, Saatlı komandaları olmuşdur. Türkoba yığma komandası (1998-1999- ci təvəllüdlü yeniyetmələr arasında ) Respublika birinciliyinə hazırlıq görülür. Aqil Ağazadə, Sərxan Nuriyev, Seymur Əliyev , Şamxal Cankişizadə və başqaları Respublikanın əməkdar məşqçisi Süfəddin Məmmədov və idman məktəbinin baş məşqçisi Niyaməddin Məmmədov, komanda üzvlərindən birinciliyə ciddi hazırlaşırlar

Qurbanov Altay Rzabala oğlu 
20 oktyabr 1964-cü ildə Masallı rayonun Türkoba kəndində anadan olub. 1952-ci ildə S. Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1983-1985-ci illərdə ordu sıralarında xidmət edib. 1985-ci ildə S. Ağamalı oğlu adına “Şərəf nişanı“ ordenli Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Kənd Təsərrüfatı Akademiyası) meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə qəbul olub. 1987-ci ildən (qiyabi yolla) ali təhsilini davam etdirib. 1987-ci ilin oktyabrın 22-dən S. M .Kirov adına sovxozda fəhlə, 03 iyun 1988-ci ildən 03 iyun 1989-cu ilə kimi sovxozun ekspeditili, sovxozun 3 saylı tərəvəzçilik briqadiri, 01 iyun 1989-cu ildən 30 sentyabr 1991-ci ilə kimi sovxozun 4 saylı tərəvəzçilik briqadiri işləmişdir. 1990-cı ildə Kənd Təsərrüfatı İnstitutunun aqronomiya ixtisasına bitirmişdir. 1991-ci ildən 1993-cü ilin dekabrın 1-ə kimi Kirov adına sovxoz həmkarlar ittifaqının sədri, 1996-cı ilin iyunun 15-dən eyni zamanda sovxozun fermer müdiri vəzifəsində çalışmışıdır. 1998-ci ilin aprelin 23-dən Türkoba Yerli Aqrar İslahat Komissiyasının (YAİK) sədri təyin edilmişdir. 1999-cu ilin dekabrında islahat başa çatdığı üçün YAİK-nin sədri vəzifəsindən azad edilmişdir. İctimai əsaslarla müxtəlif illərdə Türkoba kənd Seçki Məntəqəsinin üzvü, katibi, 15 ilə yaxın seçki məntəqəsinin sədri işləmişdir. 14 noyabr 2008-ci ildən 15 may 2009-cu ilə qədər Türkoba Poçtamtının rəisi vəzifəsində işləmişdir. 2009-cu ildə dekabr ayında keçirilən birləşmiş bələdiyyə seçkilərində (Türkoba, Qəzvinoba, Şatıroba kəndləri üzrə) Türkoba bələdiyyəsinin sədri seçilmişdir. Hazırda bu vəzifəni icra edir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 

Quliyev Lətif Cəbi oğlu 
27 noyabr 1918-ci ildə Türkoba kəndində anadan olmuşdur. 1933-cü ildə Lənkəran Pedaqoji Texnikumuna qəbul olunmuşdur. 1936-cı ildə həmin texnikumu müvəffəqiyyətlə bitirən Lətif Quliyev təyinatını Cəlilabad rayonuna alaraq 3 il orada müəllim işləmişdir. 1939-cu ildə ordu sıralarına çağırılan Lətif Quliyev 1941-ci ildə Böyük Vətən müharibəsi cəbhələrində iştirak etmişdir. 1943-cü ildə cəbhədə yararlanaraq müharibədən qayıtmışdır. Yaralı cəbhəçi yenidən burada Masallı rayonun Bədəlan kənd məktəbində direktor işləmişdir. 1951-ci ildə Masallı rayon partiya komitəsində əvvəlcə hərbi işlər üzrə təlimatçı, 1952-ci ildə isə Masallı rayon partiya komitəsinin üçüncü katibi vəzifəsində çalışmışdır. Bütün vəzifələrdə etimadı doğruldan Lətif Quliyev dövrünün bir sıra medallarını, təltiflərinin almışdır. Köhnə cəbhəçi hansı işdə olur-olsun özünü doğrultmuş, el-oba arasında hörmət qazanmışdır. 1954-cü ildə Masallı rayon Dövlət Bankının müdiri işləmiş, Bakı şəhərinə köçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilmişdir. Sonradan taleyi Bankı ilə bağlı olmuşdur. Keçmiş Lenin (indiki A. Bakıxanov) rayonunda əvvəlcə 1 saylı çörək zavodunda kadrlar şöbəsinin müdiri, sonra 1978-ci ilin sentyabrına kimi direktor vəzifəsində çalışmış və təqaüdə çıxmışdır. Lətif Cəbi oğlu Quliyev 1978-ci ilin dekabrın 27-də 60 yaşında vəfat etmişdir.

Ağayev Aydın Mirzəli oğlu 

05 oktyabr 1950-ci ildə Masallı rayonunun Türkoba kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə qəbul olunmuş, 1972-ci ildə oranı bitirmişdir. 1973-cü ilin sentyabrından Türkoba kənd orta məktəbində tarix fənindən dərs deyib. Həmin ildə (1973-cü il) AMEA, Yaxın və orta Şərq xalqları (indiki Şərqşünaslıq İnstitutunu) əyani olaraq aspiranturaya qəbul olunub. Aspirant illərində təcrübə keçib. 1978-ci ildə Özbəkistan MEA Şərqşünaslıq İnstitutunda tarix elmləri namizədi dissertasiyasının müdafiə edib. 1978-1980-ci illərdə Azərbaycan Elmlər Akademiyası, Yaxın və orta Şərq Xalqları İnstitutunun elmi işçisi və baş elmi işçisi, 1980-1983-cü illərdə SSRİ Nazirlər Sovetinin xətti ilə Əfqanıstanda tərcüməçi, 1984-1987-ci illərdə Azərbaycan EA Yaxın və Şərq orta Xalqları İnstitutunda aparıcı elmi işçi işləyib. Respublikanın müxtəlif ali məktəblərində mühazirə oxuyub. 1987-1988-ci illərdə Moskva Sovetinin xətti ilə Əfqanıstanda tərcüməçi, baş tərcüməçi kimi çalışıb. 1989-1992-ci illərdə Elmlər Akademiyası Yaxın və orta Şərq Xalqları İnstitutunda aparıcı elmi işçi işləyib. Bu illər ərzində Aydın müəllimin İranın müasir tarixinə dair, Beynəlxalq siyasətin aktual məsələlərinə dair, elmi və elmi-publisistik tədqiqatları nəşr edilib. 30-a yaxın elmi məqalələrin, bir sıra elmi-publisistik nəşrlərin müəllifidir. 1992-ci ildən Azərbaycan Respublikası Milli Məclisində çalışır. 1992-1996-cı illərdə Milli Məclis aparatının Beynəlxalq Əlaqələr şöbəsində baş məsləhətçi, 1996-2006-cı ilə qədər MM aparatının sosial qanunvericilik şöbəsində baş məsləhətçi, 2006-cı ildə Milli Məclisin Mətbuat xidmətinin KİV materialların icmalı və təhvili sektorunun müdiri, 2006-cı ilin aprelindən MM aparatının Analitik informasiya şöbəsinin müdiridir. Eyni zamanda Respublikada tanınmış politoloqlardan biridir. Müxtəlif televiziya kanallarında Azərbaycanın beynəlxalq siyasəti və ümumən beynəlxalq siyasətə dair siyasi şərhlərlə çıxış edir. 

Xəlilov Möhsüm Baba oğlu
 
20 aprel 1926-ci ildə Türkoba kəndində anadan olmuşdur. Kənd ibtidai, Mahmudavarda 7-ci, Lənkəran rayonunun Boladi kəndində orta məktəbi bitirib. 1941-ci ildən Türkobadakı kolxozda uçotçu vəzifəsində çalışmış, 1944-cü ildən Şatıroba kəndində həmin vəzifəni davam etdirmişdir. 1945-ci ildən Şatıroba kəndindəki “ Qırmizi Oktyabr “ kolxozunda hesabdar vəzifəsində işləmişdir. 1948-ci ildə kolxoz mühasibləri hazırlayan altı aylıq kursu bitirmişdir. O, müxtəlif illərdə Masallı rayonunun Babaser kəndindəki “İskra” kolxozunda, sonra Türkoba kəndindəki S.M. Kirov adına kolxozda hesabdar və hesabdar müavini, 1951- ci ildən Masallının Təzə Alvadı kəndindəki “Sosializm “ kolxozunda mühasib, 1952-ci ildən Boradigahdakı Telman adına kolxozda mühasib, 1953-cü ildən Kalinin adına MTS- də baş təlimatçı-mühasib, 1958-ci ildən 1959-cu ilə kimi Hişkədərə kəndindəki kolxozda mühasib, mart 1960-cı ildən dekabr 1961-ci ilə kimi Türkoba kəndindəki Kirov adına kolxozda mühasib vəzifəsində çalışmışdır. Gəncə şəhərindəki kolxoz və sovxozlara rəhbər kadr hazırlayan bir illik məktəbi bitirmişdir. 1 fevral 1963-cü ildən 4 avqust 1964-cü ilə kimi Azərbaycan KP Masallı rayon komitəsində müfəttiş-partiya təşkilatçısı, sonra Masallı çay fabrikinin, Boradigah çay fabrikinin direktoru vəzifəsində çalışmışıdır. 1962-1968-ci illərdə Azərbaycan kənd təsərrüfatı İnstitutunun iqtisadiyyat fakültəsini bitirməklə alim-aqronom, iqtisadçı ixtisasına yiyələnmişdir. 1972-ci ildən Türkoba kənd Sovetində mühasib, 1973-cü ildən Qasımlı tərəvəz bazasının direktoru, 1975-ci ildən Masallı aqrar-sənaye birliyində şöbə rəisi, 1978-ci ildən birliyin böyük iqtisadçısı, 1980-1985-ci illərdə “Azərkəndtikinti” trestində böyük maliyyəçi-iqtisadçı, 1985-1986-cı illərdə Qızılağac tərəvəz tədarükü və satışı bazasının direktoru işləmişdir. Ayrı-ayrı illərdə Mahmudavar, Bədəlan, Boradigah kənd və qəsəbə sovetlərinin deputatı seçilmiş, “Lenin yubiley medalı” 1941-1945-ci illərdə “Fədakar əməyə görə“ Böyük Vətən müharibəsinin 30 və 40 illik medalları ilə təltif olunmuşdur. M. B. Xəlilov 21 yanvar 2002-ci ildə vəfat etmişdir.

Xəlilov Asif Möhsüm oğlu 
1950-ci ildə Türkoba kəndində anadan olmuşdur. 1967-ci ildə Boradigah qəsəbə orta məktəbini, 1974-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1974-cü ildən Masallı rayonunun Mahmudavar kəndindəki Fizuli adına sovxozda baş iqtisadçı, Masallıda 3 saylı tikinti trestində təftişçi-mühəndis, Masallı rayon texniki-təminat birliyində baş iqtisadçı, həmkarlar komitəsinin sədri, “Türkoba“ sovxozunun direktoru, Türkoba birgə kəndli fermer təsərrüfatının (BKFT) başçısı, Masallı rayon Fermerlər Birliyində təftişçi-mühasib, Türkoba Aqrar İslahat Komissiyasının (AIK) sədri işləmişdir. 1998-ci ildən Masallı Rayon İcra Hakimiyyəti Başçısının Türkoba ərazisi üzrə nümayəndəsi vəzifəsində çalışır. 

Kəndin din xadimləri: 
Seyidzadə Mirəziz Mirəsgər oğlu.
1949-cu il fevral ayının 14-də Türkoba kəndində anadan olub. 1958-1968-ci illərdə Səməd Vurğun adına Türkoba kənd orta məktəbini bitirib. 1970-ci ildən başlayaraq mətbuatda tərcümə materialları və elmi məqalələrlə çıxış edib. 1978-1982-ci illərdə Sverdlovsk Xalq Təsərrüfatı İnstitutunda təhsil (qiyabi) alıb. 1978-1982-ci illərdə Astara şəhər “Cümə” məscidində Axund vəzifəsində çalışıb. 1983-1984-cü illərdə SSRİ-nin 50 illiyi adına Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzdindəki ikiillik xarici dillər kursunun “Ərəb dili” şöbəsini əla qiymətlə başa vurub. 1984-1988-ci illərdə Masallı şəhər “Cümə“ məscidində Axund vəzifəsində çalışıb. 1992-1997-ci illərdə Bakı İslam Universitetində oxuyub. 1998-ci ildən Qafqaz Müsəlmanları İdarəsinin Təhsil şöbəsinin və Bakı İslam Universiteti Sumqayıt şöbəsinin müdiri vəzifəsini icra edir. Qafqaz Müsəlmanları idarəsi yanında Elmi-Dini və Qazilər Şurasının üzvüdür. 1998-ci ildən Azərbaycan Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının üzvüdür. “Qızıl Qələm“ jurnalist mükafatına layiq görülüb. 2000-ci ildən Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvüdür. 2002-ci ildə aylıq “Kələm“ elmi-ədəbi, publisistik jurnalını təsis edib. Hazırda həmin mətbu nəşrin baş redaktoru və 200-dən artıq elmi-publisistik məqalənin müəllifidir. 2001-2004-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub. 2003-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2004-cü ildə (12 sentyabr) ”İslamda həccin tarixi-mədəni və sosial-siyasi rolu” adlı (09.00.06 Din nəzəriyyəsi və tarixi (ilahiyyat) ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 2004-cü ildə (20 oktyabr) Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası ona “Fəlsəfə elmləri namizədi” alimlik dərəcəsi verib. 1991, 1993, 1996, 1998, 2004-cü illərdə bir neçə dəfə Səudiyyə Ərəbistanında Həcc ziyarətində, İraqda Kərbəla ziyarətində və İranda Məşhəd ziyarətində olub. Ailəlidir beş övladı var. 

Kitabları:
“İslami söhbətlər” (Dərslik ,448 səh ) 1 hissə . Bakı-1996 
“Allahımı belə tanıdım” (Bakı -1998)
“İslamı söhbətlər” (Dərslik .524 səh) 2 hissə . Bakı -2002
“İslamı söhbətlər” (Dərslik .688 şəh Heni nəşr) Bakı-2003 
“İmam Əlinin qısa kəlamları” (Tərcümə.30 şəh) Bakı-1991
“Bulud ağlamasa” (209 səh) Bakı-2006
“Elmin qapısı” (650 şəh) Bakı -2008
“Divan”(472 şəh) Bakı -2008

Kəndin digər tanınmışları:
Qurban Qurbanov 
1942-ci ildə anadan olub. 1957-ci ildə yedi illik məktəbi tərifnamə ilə bitirib. Mahmudzadə orta təhsilini başa vuran, ədəbiyyatın gözəl bilicisi olan Qurban Qurbanov 1966-cı ildən 1969-cu ilədək Türkoba məktəbində müəllimlik fəaliyyətinə başlayıb. Çalışdığı kollektivdə sonra rayonda təcrübəli pedaqoq kimi tanınıb. 1987-ci ildə Baş müəllim adına, 2001-ci ildə Təhsil Nazirliyində “İlin ən yaxşı müəllimi” Respublika müsabiqəsində birinci dərəcəli diplom, 2002-ci ildə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş, 400 nəfərin iştirak etdiyi “Qəlbimi uşaqlara verirəm” mühazirə müsabiqəsində birinci dərəcəli diploma, 2005-ci ildə Respublika Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” döş nişanını, 2007-ci ildə “Müəllimlər günündə Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən təhsil sahəsində qazandığı uğurlara görə Fəxri Fərmana ,3 oktyabr 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Respublikanın Əməkdar müəllimi” fəxri adına layiq görülmüşdür.

Güləhməd Əbilov 

(1935-1985) nəinki Türkobada rayonda idmançı kadrların yetişməsində əlindən gəlini əsirgəmişdir. Türkoba və qonşu kəndlərdə onun şagirdlərindən 30 nəfərdən çoxu bu gün bədən tərbiyəsi müəllimi işləyir. G. Əbilov gözəl idmançı idi. Onun rəhbərliyi ilə Türkoba kənd futbolçuları və voleybolçuları dəfələrlə rayon çempionu olmuş, respublika birinciliyində iştirak etmişdir. G. Əbilov 10 il rayon voleybol komandasının kapitanı olmuşdur.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az