Ərazi Vahidinin adı :   Masallı şəhəri
Əhalisi : 26150 nəfər
Ərazisi: 2554 ha
Coğrafi mövqeyi : Bakı – Astara magistral yolunun qərb tərəfində yerləşir.
Şəhər əhalisinin əsas məşğuliyyəti : Əhalinin çoxu dövlət və qeyri dövlət müəssisələrində çalışır,   qalan hissəsi isə ticarətlə məşğuldur.
Həmsərhəd olduğu kəndlər : Ərkivan qəsəbəsi, Musaküçə kəndi, Şərəfə kəndi
Şəhərin adının mənası : "Masallı" coğrafi adının meydana gəlməsi haqqında bu vaxta qədər bir çox mülahizə və rəvayətlər söylənilmişdir. Tarixi mənbələrdə bu toponim "məsəlli-məsəl çəkilən yer, məsəl çəkənlər" mənasında səciyyələndirirlər. Masallı sözünün "Mosullu" sözündən yaranması da ehtimal edilir. Bəzi mənbələrdə isə bu torpaqlarda Masal adlı bir xanın yaşadığı və onun şərəfinə Masallı adlandırılıb. "Masallı" toponimində "Masal"-Yer ərazi "Lı"isə məkan bildirən şəkilçidir.
Masallı şəhərinin qısa tarixçəsi : Masallı şəhəri rayonun mərkəzində yerləşir. Şəhərdə müxtəlif dövlət və qeyri dövlət müəssisələri fəaliyyət göstərir. Ərazidə 6 tam orta məktəb 1 litsey, 4 uşaq baxçası, 1 şahmat məktəbi,  1 otel, 1 mebel fabriki və müxtəlif mebel sexləri, əhalinin istirahəti üçün 4 park, çoxmənzilli yaşayış binaları və digər obyektlər yerləşir. 
Şəhərdə tarixi abidələr : XIX əsrə aid olan hamam Kərimov Hacı İbrahim tərəfindən tikilmiş və 2002-ci ilə kimi fəaliyyət göstərmişdir. 
Şəhərdə ilk məktəbin açılması :  1946-cı ildə şəhər 1 saylı məktəbi açılmışdır.
Masallı şəhərindən olan ilk ali təhsilli : Məmmədov Hüseyn Məhəmməd oğlu 1900-cü ildə anadan olub.  Bakı Dövlət Universiteti yarananda, 1919-cu ildə birincilər sırasında ora qəbul olunanlardan olub. 1923-cü ildə Azərbaycanın yeganə ali təhsil ocağının da ilk məzunlarından biri olaraq kimya-biologiya ixtisası üzrə ali müəllimlik diplomu qazanmışdır. Hüseyn Məmmədov bir müddət Lənkəranda Pedoqoji Texnikumda direktor və Bakıda müəllim işləyib. Daha sonra, 1937-ci ildə Tibb İnstitutunu da bitirərək həkim kimi fəaliyyət göstərib.
Masallı şəhərindən olan elmlər doktorları, elmlər namizədləri: 
-Əhmədov Əhməd Əkbər oğlu – 1929-cu ildə anadan olmuşdur. 1944-cü ildə orta məktəbi bitirmişdir. 1946-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsinin qiyabi şöbəsinə daxil olub, 1951-ci ildə oranı bitirmişdir. Ali təhsil aldıqdan sonra Masallı rayon Xalq Maarif şöbəsində metodist, sonra inspektor işləyib. 1953-cü ildə Masallı şəhər 1 saylı orta məktəbə direktor təyin edilib, sonra isə Masallı rayon Xalq Maarif şöbəsinin müdiri vəzifəsində çalışıb. Ə.Əhmədov 1965-ci ildə pedaqoji elmlər namizədi, 1966-cı ildə pedaqogika kafedrasında baş müəllim, 1968-ci ildə kafedranın dosenti olmuşdur. O, tədris işləri üzrə prorektor köməkçisi, tarix, biologiya fakültəsinin dekanı (qiyabi), axşam şöbəsi ümumtexniki fənlər və əmək təlimi fakültəsinin dekan müavini, tələbə və müəllimlərin birləşmiş həmkarlar komitəsinin sədri vəzifələrində işləmişdir.              “1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyə görə” medalına, “Şərəf nişanı” ordeninə, Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanına, Ümumittifaq “Bilik” cəmiyyətinin fəxri fərmanına, “Azərbaycanın qabaqcıl maarif xadimi” döş nişanına layiq görülmüşdür. Ə.Əhmədov 1997-ci ildə vəfat etmişdir.
-Məmmədova Firəngiz Hüseyn qızı  – 1928-ci ildə anadan olmuşdur. F.Məmmədova orta məktəbi qurtardıqdan sonra 1946-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş və 1952-ci ildə buranı bitirdikdən sonra bir müddət Masallı rayonunda həkim işləmişdir. O, ailə həyatı qurması ilə bağlı Bakı şəhərində həkimlik fəaliyyətini davam etdirmişdir. F.Məmmədova respublikanın tanınmış cərrah-ginekoloqu olmuşdur. O, 1968-ci ildə tibb elmləri namizədi adına layiq görülməklə Masallı rayonunun ilk qadın alimi olmuşdur. 2011-ci ildə vəfat etmişdir.
Masallı şəhərinin şəhidləri :
-Əlihəsənov Rafiq Vəliəhəd oğlu 1969-cu ildə anadan olmuşdur. 1986-cı ildə Masallı şəhər 1 saylı orta məktəbini bitirmişdir. 1992-ci ildə Qarabağda gedən döyüşlərdə şəhid olmuşdur. Təhsil aldığı Masallı şəhər 1 saylı orta məktəbinə adı verilmişdir.
Masallı şəhərinin digər tanınmışlar
-Abıyev Əhəd Mikayıl oğlu - 1958-ci ildə anadan olmuşdur. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun iqtisadiyyat və planlaşdırma fakültəsini və "Təfəkkür" Universitetinin hüquq fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə Masallı Konserv Zavodunda başlamışdır. 1977-1979-cu illərdə hərbi xidmətdə olmuşdur.
1979-1980-ci illərdə Azərbaycan Avtomobil Nazirliyinin 1 saylı tikinti-quraşdırma idarəsində usta, 1980-1982-ci illərdə Bakı şəhər Mənzil İdarəsində texnik, 1982-1984-cü illərdə "Azərittifaq" Universal bazasında iqtisadçı, 1984-1991-ci illərdə Bakı şəhər Soveti İcraiyyə Komitəsində böyük müfəttiş, böyük iqtisadçı, 1991-1995-ci illərdə Bakı Şəhər İcra Hakimiyyəti əhalinin sosial müdafiəsi və məşğuliyyəti şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Birinci, ikinci və üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Parlamentdəki fəaliyyəti dövründə Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü, Azərbaycan-Portuqaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Əlcəzair, Azərbaycan-Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur. Hal-hazırda Daskəsən rayon icra hakimiyyətinin başçısıdır.
-Əsədullayev Ələsgər Əsədulla oğlu 1912-ci ildə anadan olmuşdur. Doktor Ələsgər orta təhsilini başa vurduqdan sonra əczaçılıq texnikumunu , daha sonra isə 1936-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirir. Elə həmin ildən də Azərbaycan Tibb İnstitutunda muəllim işləməyə başlayır. Sonradan rayonlarda həkimlərə ciddi ehtiyac olduğunu nəzərə alıb bir neçə aydan sonra Ə. Əsədullayevi Cəlilabad rayonunun indiki Göytəpə (o vaxt Prişib adlanırdı) ərazisindəki xəstəxananın müdiri təyin edirlər. O, bu xəstəxanada 1963-cü ilə qədər, 25 ildən artıq müdir işləyir. Həmin illər yayılmış bir çox yolxucu xəstəliklərin – qarın yatalağının, malyariyanın aradan qaldırılmasında doktor Ələsgərin böyük zəhməti olmuşdur. 1963-cü ildə o, 51 yaşında iş yerini Masallıya dəyişir. Doktor Ələsgər Əsədullayev 1993-cü il yanvarın 24-də, 81 yaşında vəfat edib. 24 yaşından ömrünün sonuna kimi, 57 il həkimlik etmiş, minlərlə insana şəfa verən bu insan o vaxtkı hökumət tərəfindən bir çox orden və medallarla təltif olunmuş, Əməkdar həkim adına layiq görülmüşdür.
-Fəxrəddin Əlisa oğlu Baxışov. O, 1956 – cı ildə anadan olmuşdur. 1971 – 1975 – ci illərdə Bakı Politexnik Texnikumunun İnşaat fakultəsini, 1985 – 1990 – cı illərdə isə Azərbaycan İnşaat – Mühəndisləri İnstitutunun İnşaat fakultəsini “mühəndis – inşaatçı” ixtisası üzrə bitirmişdir. 1977–1983-cü illərdə Sovxoztikintitrest Tikinti idarəsində mühəndis – inşaatçı, 1983 – 1997 – ci illərdə İQBSİ – də əvvəlcə sahə rəisi, daha sonra isə idarə rəisi kimi çalışmışdır. 1997 – ci ildən “FƏXRƏDDİN – K” MMC kərpic zavodları qrupunun təsisçisi və Baş direktorudur.
-Mirzəyev   Nizami Əbülfəz oğlu 1947-ci ildə anadan olmuşdur. Tanınmış tarzən Azərbaycan milli ifaçılıq məktəbinin istedadlı ifaçısı, özünəməxsus orijinal üslubu olan mahir solist və müşayiətçidir. Əmək fəaliyyətinə 1970-ci ildə başlayan Nizami Mirzəyev uzun illər   Azərbaycan Dövlət Filarmoniyasında, «Azkonsert» birliyində, Azərbaycan Dövlət Televiziya və  Radio Verilişləri Şirkətində,   1975-ci ildən bu günə qədər isə SSRİ xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblda çalışır. Tarzən öz  istedadı və  zəhmətsevərliyi sayəsində qısa müddət ərzində xalq musiqisinin incilərini dərindən öyrənmiş və 30 il ərzində diqqəti cəlb edən ifaçılıq məharəti ilə milli musiqimizi zənginləşdirmişdir.  Görkəmli sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub   yaşadan  Nizami Mirzəyev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirmişdir. Nizami Mirzəyev  milli mədəniyyətimizi dünyanın müxtəlif   ölkələrində - Almaniyada, Avstriyada, Amerikada, Türkiyədə,  Hindistanda, Əfqanıstanda, İordaniyada, Afrikada, Çexoslovakiyada, İranda,   İsraildə, Kanadada, Rusiyada, Gürcüstanda, Ukraynada, Özbəkistanda məharətlə təqdim etməklə, onu  ayrı-ayrı xalqların nümayəndələrinə sevdirə bilmiş və musiqimizin təbliğində özünəməxsus xidmətlər göstərmişdir. Azərbaycan Respublikasının əməkdar artistidir.
-Əliyev Vaqif Cəfər oğlu – 1945-ci ildə anadan olmuşdur. 1961-ci ildə orta məktəbi bitirmiş, 1963-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman institutuna daxil olmuş və 1970-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. Ayrı-ayrı vaxtlarda Bakı şəhər Bədən Tərbiyəsi və İdman Komitəsində, Azərbaycan SSR Nazirlər Soveti yanında Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində, keçmiş SSRİ Nazirlər Soveti yanında Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsində, “Spartak”, “Məhsul”, “Neftçi” idman cəmiyyətlərində və Həmkarlar İttifaqları KBTİC Respublika Şurasında çalışmışdır. 1971-1977-ci illər ərzində Azərbaycan Respublikasında voleybol üzrə dövlət məşqçisi vəzifəsində işləyərək voleybol idman növünün ölkəmizdə inkişafına bilavasitə rəhbərlik etmişdir. 1993-cü ildə V.Əliyevin təşəbbüsü ilə yaranmış Azərbaycan Həmkarlar İttifaqları idman təşkilatları Assosiasiyasının həmin ildən 2006-cı ilə qədər prezidenti olmuşdur. 1994-cü ildə Gənclər və İdman Nazirliyi yarandığı vaxtdan 2007-ci ilə kimi 13 il ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə nazirliyin kollegiyasının üzvü kimi təsdiq edilmiş və fəaliyyət göstərmişdir. O, 1992-ci ildən 2009-cu ilə kimi Azərbaycan Milli olimpiya Komitəsinin icraiyyə Komitəsinə üzv seçilmişdir.  XXVI, XXVII, XXVIII Olimpiya Oyunlarına respublika idmançılarının hazırlığı üzrə olimpiya Qərargahının üzvü olmuşdur. 1997-ci ildən bu künə kimi Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti vəzifəsində fəaliyyətini davam etdirir. V.Əliyev 2000-ci ildə respublikanın “fəxri bədən tərbiyəsi və idman işçisi” adını almış, 2006-cı ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən “Azərbaycan Respublikasının Əməkdar Bədən tərbiyəsi və İdman Xadimi” adına layiq görülmüşdür. 2009-cu ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilmişdir. 
-Rəsulov Rafiq Cabbar oğlu – 1944-cü ildə anadan olmuşdur. 1962-1966-cı illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil almışdır. 1966-1974-cü illərdə Prişib orta məktəbində (Cəlilabadda) müəllim, komsomol təşkilat katibi işləmişdir. 1975-ci ildə Respublika dərəcəli hakim, 1981-ci ildə Ümumittifaq dərəcəli hakim olmuşdur. 1975-1990-ci illər ərzində məktəblilərin ümumittifaq spartakiadası, gənclərin və yeniyetmələrin ümumittifaq çempionatları, SSRİ kuboku, SSRİ xalqlarının spartakiadsı, SSRİ çempionatları oyunlarına hakimlik edib. 1987-1990-cı illər ərzində idman məktəbinin direktoru vəzifəsində çalışmışdır. 1991-1992-ci illərdə Masallı rayon icra hakimiyyətində şöbə müdiri, 1993-1997-ci illərdə Masallı RİHB-nın Masallı şəhəri üzər nümayəndəsi vəzifələrində çalışmışdır. 2002-ci ildən Azərbaycan Voleybol Federasiyası Rəyasət Heyətinin üzvüdür. Hazırda Azərbaycan çempionatı super liqasında hakim-inspektor vəzifəsini icra edir.
-Rəsulov Yaqub Cabbar oğlu – 1954-cü ildə anadan olmuşdur. 1971-ci ildə Masallı şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1973-1977-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil almışdır. 1972-1973-cü illərdə gənclərdən ibarət voleybol yığma komandasında, 1973-1976-cı illərdə isə kişilərdən ibarət voleybol  yığma komandasında oynamışdır. 2009-cu ildə əməkdar məşqçi adına layiq görülmüşdür. 2004-2012-ci illərdə gənclərdən ibarət yığma komandanın baş məşqçisi işləmişdir. 
-İsayev Azər Qiyas oğlu – 1967-ci ildə anadan olmuşdur. Dəfələrlə Azərbaycan çempionu olan Azər İsayev 1983-cü ildə SSRİ birinciliyində II yerin sahibi, 1984-cü ildə Daşkənddə keçirilən məktəblilərin spartakiadasının qalibi, 1985-ci ildə İtaliyanın Boloniya şəhərində keçirilən gənclər arasında avropa çempionatının qalibi, bir neçə beynəlxalq turnirlərin qalibi və mükafatçısı olmuşdur.


-İsayev Qurban Qiyas oğlu – 1947-ci ildə anadan olmuşdur. 1964-cü ildən sərbəst güləşlə məşğul olmuş, 1971, 1974 və 1976-cı illərdə Azərbaycan çempionu, 1972, 1973, 1975-ci illərdə Beynəlxalq turnurlərin mükafatçısı  olmuşdur. 1989-cu ildə Azərbaycan Respublikasının əməkdar məşqçisi adını almışdır. 
-Alışov Hikmət Əzizağa oğlu – 1992-ci ildə anadan olmuşdur. Cüdo və Sambo üzrə dəfələrlə Azərbaycan birincisi və çempionu, iyun 2006-cı ildə Türkiyə Beynəlxalq turnir II yer, may 2007-ci il Cüdo üzrə Bakı Beynəlxalq turnir I yer, iyun 2008-ci ildə Çeçenistanda keçirilən Cüdo üzrə olimpiya festivalı II yer, oktyabr 2009-cu ildə Bolqarıstanda keçirilən Sambo üzrə gənclər arasında Dünya çempionatı II yer, may 2010-cu ildə Bakı şəhərində Cüdo üzrə gənclər arasında keçirilən Avropa kuboku III yer, may 2011-ci il Kiyevdə Cüdo üzrə gənclər arasında keçirilən Avropa kuboku III yer, aprel 2012-ci ildə Rumuniyada Sambo üzrə keçirilən Avropa çempionatı III yer. Cüdo və Sambo üzrə idman ustasıdır.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az