Ərazinin adı:
Boradigah 

Əhalisi:
6190 nəfər

Ərazisi:
1889 ha
 
 
Boradigah adının mənası:
Coğrafiya elmləri namizədi ,dosent Nadir Məmmədov “Boradigah” toponiminin talış mənşəli “Bırədiqo”(tikanlıqda salınmış kənd yeri”)sözündən törədiyini yazır. (Əsas: ”Kənd
həyatı” jurnalı, N-7,1977). Həmin toponimlə bağlı faktlar 18-ci əsrdən sonrakı dövrə aiddir. Maraqlıdır ki, həmin dövrlə bağlı mənbələrin heç birində bu toponimin “Bırədiqo” variantına rast gəlinmir. Talış xanlığının mirzəsi Əhməd Mirzə Xudaverdi oğlu özünün “Əxbərnamə” əsərində də “Boradigah” adını çəkir. Səidəli Kazımbəyoğlunun “Cəvahirnameyi-Lənkəran” əsərində də “Boradigah” adı tez-tez çəkilir. Bəzi mülazihələrə görə, bu yaşayış yerinin indiki ərazisi vaxtilə dəniz altında olub, dəniz çəkildikcə quru sahə yaşayış yerinə çevrilib. Onlar burada tapılan limanla bağlı əşyalara əsaslanaraq ”Boradigah” toponiminin “barigah, (“Barigah” farsca dəniz kənarı, sahil, liman deməkdir) sözündən yarandığını ehtimal edirlər. Lakin bütün bu deyilənlərə baxmayaraq, həmin toponimin “bura digahdır” (“digah” kənd deməkdir) yozumu da vardır ki, bu adın bu cür verilməsi daha ağlabatandır.

Həmsərhəd olduğu kəndlər:
Boradigah cənubdan Türkoba və Tüklə, qərbdən Bədəlan, şimaldan Sirəbil, şərqdən isə
Qumbaşı kəndləri ilə həmsərhəddir.

Boradigah qəsəbəsinin coğrafi mövqeyi:
Сənubdan onu Lənkəran rayonu və Talış dağları, şimaldan və qərbdən qonşu Bədəlan və Sirəbil kəndləri, şərqdən isə qonşu Qumbaşı kəndindən sonra Xəzər dənizi əhatə edir. Onun bu cür əlverişli coğrafi mövqeyi ta qədimdən bu yaşayış yerinin iqtisadi həyatına çox müsbət təsir etmişdir. Talış xanlığının iqtisadi həyatında ticarətin çox böyük rolu vardı. Bu, hər şeydən əvvəl, Talışın əlverişli coğrafi mövqeyi ,zəngin təbiəti ilə bağlı idi. Dəniz və limanın olması xarici ölkələrlə ticarət əlaqələri yaratmaqda əvəzsiz rol oynayırdı.

Boradigah Lənkəran qəzasında:
Boradigah XVIII əsrin ortalarında Talış xanlığının, 1840-1846-cı illərdə Talış əyalətinin, 1846-1930-cu illərdə Lənkəran qəzasının, 1930-cu ildən isə Masallı inzibati rayonunun tərkibinə daxil olmuşdur. 1924-cü ildə az bir müddət ərzində Boradigah ayrıca nahiyə kimi fəaliyyət göstərmiş, onun ayrıca bankı, tədarük məntəqəsi, 3 hamamı, 3 dəyirmanı olmuşdur.
İba İbayev həmin layihənin ilk sədri olmuşdur.

Qəsəbənin əsas məşğuliyyətləri:
Boradigahın iqtisadiyyatında taxılçılıq (əsasən çəltikçilik), bostançılıq, maldarlıq və balıqçılıq əsas yer tuturdu. Hal-hazırda əhalinin əsasən heyvandarlığa meyl etmələri də onu göstərir ki, Boradigahda bu növ məşğuliyyət qədimdir.

Tarixi abidələri:
Boradigahın mühüm yaşayış məntəqəsi kimi nə vaxt yaranması barədə məlumatımız olmasa da, tarixi mənbələrdən aydın olur ki, hələ qədim zamanlarda, təxminən III-II min illiklərdə bu ərazidə insanlar yaşamışlar.Boradigahda tunc dövrünün arxeoloji abidələri var: ”Ağbala təpəsi” və “Mehdi təpəsi”. Boradigahda tapılmış və tuncdan hazırlanmış kiçik şir fiquru atəşpərəstliklə bağlıdır. Boradigahda 5 qəbiristanlığın olması da bu yerin tarixinin daha qədim olduğunu təsdiq edir. Boradigahın qədim insan məskəni olmasını Hişkədərə tarix-diyarşünaslıq muzeyində saxlanılan bir sıra maddi-mədəniyyət nümunələri də sübut edir. Tuncdan düzəldilmiş qılınc, çuqun lampa e.ə. I minilliyə aiddir. Daş qoç heykəli (başdaşı) orta əsr Səfəvilər dövrünə, qədim xalça də orta əsrlərin ilk dövrünə aiddir. Hətta xalça üzərində bazar təsvirinin olması onu göstərir ki, Boradigah qədim ticarət mərkəzi olmuşdur.

Pirlərimiz:
Tarixin müəyyən dövrlərində qəsəbəmizdə 5 pir yaranıb: İmamzadə ziyarətgahı, Qərib Seyyid türbəsi, Seyidəkinə, Bahomba, Qulaməli və Zəhnoba ocaqları. Qərib Seyid və Seyidəkinə ocaqlarının Səfəvilərlə bağlı olması ehtimal olunur. Boradigahda məscid 1853-1854-cü illərdə, Mollaobada isə 1957-ci ildə tikilib. Deyilənə görə, Seyidəli Boradigahi Boradigah məscidinin, Hacı Zeynalabdin Tağıyev isə Mollaoba məscidinin təmirinə maddi yardım etmişlər. Hal-hazırda Boradigahda xeyriyyəçilər daha bir möhtəşəm müasir məscid inşa etdirirlər.

İlk məktəbin açıldığı tarix:
Boradigahda ilk yeni tipli məktəb 1917-ci ildə fəaliyyətə başlayıb. 1918-ci ildə məktəb rəsmiləşdirilib və o vaxtki sahibkar Hacı Mirağanın evinin 1-ci mərtəbəsində yerləşdirilir. Məktəbin ilk müəllimi Kələntərov olub. Əliqulu Talışinski, Mirməmməd, Əsədulla Böyükağa Talışlı, Mirzə Əbu Talıb, Böyükağa Həkimbaşı məktəbin ilk müəllimləri olmuşlar. İlk rus dili müəllimi Əlixan Talışxanlı olub. Mirəli Ağayev, Rza Ramazanov, Əliabbas Novruzov, Həsənağa Əsgərov, Xanəli Zülfüqarov, Pərviz Zeynalov, Məmməd Məmmədov, Əlipaşa Əliyev, Qayda Məmmədova, Cahan müəllimə, Şaban Muradov, Rəhim Bayramov, Məmmədhəsən Məmmədov da məktəbimizin ilk müəllimlərindən olmuşlar.

Nəriman Nərimanov Boradigahda:
N. Nərimanov Lənkəran qəzasında və Boradigahda nə vaxt olub? N. Novruzovun “Masallı” və M. Mirzəyevin “Mənim Masallım” kitablarında həmin tarix 1921-ci il, M. Talışlının kitabında isə 1922-ci il göstərilib.

Din xadimlərimiz:
Axund Musa Tanrıverdi oğlu Baxşəliyev (1868-1958) 
Miyənkü kəndində doğulub, gənc yaşlarından Boradigaha köçərək Məşədi Zeyninin qızı ilə ailə həyatı quraraq boradigahlı kimi tanınıb. O əvvəlcə Lənkəranda. sonra isə İran, İraq və Nəcəfdə təhsil alaraq axund rütbəsi alıb.
 
Şeyx Qüdrət Kərbəlayı Ağakişi oğlu Abbasov (1905-1975)
Babaser kəndində doğulub. Ərdəbildə dini təhsil alıb. Tanınmış din xadimlərimiz Hacı Allahşükür Paşazadə, Hacı Mirəziz Seyidzadənin müəllimi olub.
 
Mir Sücəddin Mir Tacəddin oğlu Talıbov (1957-1981)
24 yaşında vəfat etdi. Cavan olmasına baxmayaraq dinə sonsuz məhəbbəti və aydın, səlis Quran oxumağı onu tez tanıtdırdı. Ağdamda usta Nurəddinin atasının hüzr məclisində Molla Sücəddinin aydın nitqi, şirin ləhcəsi, rəvan oxusu xanəndə Qədir Rüstəmova o qədər təsir etmişdi ki, o öz qəlyanını və təsbehini ona bağışlamışdı.

Bəyverdiyev İsbəndiyar Məhərrəm oğlu (1954) 
Boradigahda doğulub. Dini təhsilini müstəqil surətdə almışdır. Hazırda Boradigah qəsəbə dini icma məscidinin rəhbəridir.

Talıbov Rəşid Qiyas oğlu (22.12.1975) 
Boradigahda doğulub. Suriyada Ali dini məktəbi bitirib. Boradigahda yeni tikilən “Həzrəti Əli” dini icma məscidinin rəhbəridir.

Cabbarov Cəbrayıl Ədalət oğlu(28.07.1985) 
Boradigahda doğulub. Suriyada Ali dini təhsil alıb. Hal-hazırda qəsəbədə olan dini məclisləri idarə edir.

İsmayılov Şahsuvar Akif oğlu(05.09.1983) 
Boradigahda doğulub. İranda Ali dini təhsil alıb. Hazırda dini məclisləri idarə edir.

Həsənov Musa Məmməd oğlu(22.03.1977) 
Boradigahda doğulub. İranda dini təhsil alıb. Hazırda qəsəbədə dini məclisləri idarə edir.

Yusifov Elsevər İsmayıl oğlu(1975)
Boradigahda doğulub. Suriyada Ali dini təhsil alıb. Sankt-Peterburqda islamı təbliğ edir.

Boradigahdan olan elmlər namizədləri və doktorları:

1. Abdullayev Heybət İzzət oğlu, 1929-1995-ci il, Tibb elmləri doktoru, professor
2. Nəsirov Vaqif İbad oğlu - 05.10.1945-ci il , fizika –riyaziyyat elmləri doktoru, professor
3. Gülhüseyn Hüseynoğlu - 16.10.1923-cü il, filologiya elmləri doktoru, professor
4. Məmmədov Faiq Cəbrayıl oğlu ,fizika-riyaziyyat elmləri doktoru
5. Abbasov Əliqulu Əliabbas oğlu, 15.05.1939-cu il, kənd təsərrüfatı elmləri namizədi
6. Abbasov Əmmar Sabir oğlu, 22.12.1941-ci il, tarix elmləri namizədi
7. Aslanlı Gülağa Qulam oğlu, 24.02.1952, fizika-riyaziyyat elmləri namizədi
8. Əsgərov Rəşad Hüseynağa oğlu, 1978-ci il, fəlsəfə elmləri namizədi
9. Nəsirov Emin Vaqif, 05.02.1973, fizika üzrə fəlsəfə doktoru
11. İsmayılov Samir Ələddin, 09.05.1981, tarix üzrə fəlsəfə doktoru
12. Qarayeva Gülxanım İbrahim, 1947-ci il, tarix elmləri namizədi
13. Məcidov İlkin Sabir, 20.06.1947, İqtisadiyyat üzrə fəlsəfə doktoru
14. Məcidov Natiq Sabir, 05.10.1978, İqtisadiyyat üzrə fəlsəfə doktoru
15. Məcidov Sahib Əsəd oğlu, pedaqoji elmlər namizədi
16. Bayramov Rauf Rəhim oğlu, fizika-riyaziyyat elmləri namizədi
17. Bəşirov Çingiz Adil oğlu, hüquq elmləri namizədi
18. Qarayev Malik İbrahim oğlu, Filologiya elmləri namizədi

Elmira Hüseyn qızı Axundova (1953)
Respublikanın Əməkdar jurnalisti, filologiya elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin katibi, Milli Məclisin deputatı, H.Zərdabi, R.Rza, N.Nəcəfov adına mükafatların lauratı, ”Şöhrət “ordeni ilə təltif olunmuşdur. “Naşirin ölümü” (2001), ”Həqiqət anları”(2003),”Şüşə saray” kitablarının müəllifidir. Elmira Axundovanın “Heydər Əliyev.Şəxsiyyət və zaman” çoxcildlik tədqiqat romanı onun yaradıcılığının zirvəsidir.

Gülhüseyn Hüseynoğlu (1923 - 2013)
Gülhüseyn Hüseyn oğlu Abdullayev, nasir, ədəbiyyatşünas, Yazıçılar birliyinin üzvü,
filologiya elmləri doktoru, professor Mollaoba kəndində doğulub, 1947-ci ildə BDU-nun filologiya fakültəsini bitirib. Hal-hazırda həmin universitetin Azərbaycan ədəbiyyatı kafedrasının professorudur. O, 27 kitabın müəllifidir.

Heybət İzzət oğlu Abdullayev (1929-1995)
1954-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Moskva Tibb İnstitutunun aspiranturasına daxil olduqdan sonra akademik B.V.Petrovskinin rəhbərlik etdiyi cərrahlıq klinikasının ürək cərrahlığı şöbəsində elmi fəaliyyətə başlayıb. 1966-cı ildə keçmiş Azərbaycan həkimləri təkmilləşdirmə institutunun döş cərrahlığı və anesteziologiya kafedrasının müdiri və həmin institutun rektoru təyin edilib. Professor H. Abdullayev 9 elmi kəşfin, 7 monoqrafiyanın, 118 elmi məqalənin müəllifidir.

Vaqif İbad oğlu Nəsirov (1945) (050 326 25 87)
1963-cü ildə Boradigah orta məktəbini qızıl medalla, 1967-ci ildə ADPU-nin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirib, universitetdə saxlanılıb. 1968-1971-ci illərdə SSRİ EA-nın aspirantı V. Nəsirovun elmi rəhbəri professor Kitayqorodski və professor Y.Əsədov olub. 1972-ci ildə elmlər namizədi, 1993-cü ildən elmlər doktorudur.

Hüseynov Nəriman Muxtar oğlu (1928-ci il)
Boradigah qəsəbəsində 1928-ci ildə anadan olmuşdur. 1945-ci ildə tam orta məktəbi bitirərək həmin ildə Pedaqoji instituta daxil olmuşdur. 1949-cu ildə institutu bitirərək oxuduğu məktəbə direktor müavini təyin edilmişdir. 1955-1957-ci illərdə Mahmudavar orta məktəbində müəllim, 1961-ci ildən Boradigah tam orta məktəbə direktor təyin edilmişdir. O bu vəzifədə 2008-ci ilin sentyabr ayına qədər - 47 il 7 ay işləmişdir. 26 avqust 2011-ci ildən təqaüddədir. N.Hüseynov 3 dəfə - 5-ci, 7-ci. 8-ci Azərbaycan müəllimləri qurultayının iştirakçısı olmuşdur. “Rəşadətli əməyə görə” medalla təltif edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2008-ci il 03 oktyabr tarixli 3070 saylı Sərəncamı ilə Hüseynov Nəriman Muxtar oğluna “Əməkdar” müəllim adı verilmişdir.

Məmmədov Vüqar Firudin (1973)(050 311 60 91)
1973-cü ildə anadan olub. 1990-cı ildə Boradigah qəsəbə 1 saylı orta məktəbi gümüş medalla bitirib. Həmin il Bakı dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə daxil olub, 1995-ci ildə oranı bitirib. 1995-1999-cu illərdə ETPEİ-nin aspiranturasında qiyabi təhsilini davam etdirib. Elə burada oxuduğu müddətdə dərslik yazmaqla məşğul olub. 20-dən çox dərslik, metodiki vəsait və iş dəftərinin həmmüəllifidir. Hazırda “Pedaqogika” nəşriyyatının direktor müavinidir.

Vasif Höccət oğlu Hüseynov (1961)
1989-cu ildə BDU-nun filologiya fakültəsini bitirib. 1990-cı ildə Sumqayıt “Gənclik” mərkəzində “Ədəbi Almanaxın redaktoru və həmin mərkəzin dövri mətbuat işləri üzrə direktor müavini işləyib. 1991-ci ildən Teleradio Şirkətinin xəbərlər Baş redaksiyasında müxbir, 1992-ci ildən həmin redaksiyanın müdiri işləyib. ”Avrasiya” qəzetinin əməkdaşıdır.

NURMƏMMƏD AĞA
(Ağayev Nurməmməd Heybət oğlu) (1957)

1957-ci il mayın 2-də anadan olmuşdur. 1978-ci ildə ADPU-in filologiya fakültəsini bitirib. Boradigah qəsəbə 2 saylı tam orta məktəbin direktorudur. 1991-1992-ci illərdə ”Qala” Respublika qəzetində poeziya şöbəsinin müdiri işləyib. Dövrü mətbuatda 1972-ci ildən çıxış edir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2007-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Şəkər Aslan ədəbi mükafatına layiq görülmüşdür. 6 kitabın müəllifidir.

H ü q u q ş ü n a s l a r ı m ı z

Ağayev Xanoğlan Əbdüləhəd oğlu,
Ağayev Ənvər Əbdüləhəd oğlu,
Ağayev Rafiq Ənvər oğlu,
Bəşirov Çingiz Adil oğlu,
Qasımov Əflatun İbrahim oğlu, 
Qasımov Kərim Qurban oğlu,
Əsgərov Süleyman Şirəli oğlu,
Əkbərov Əziz İbrahim oğlu,
Əkbərov Allahverdi Güləli oğlu,
Əkbərov Elçin Mehdi oğlu,
Əliyev Əfqan Nadir oğlu,
Zülfüqarov Sultanağa Teymurbəy oğlu,
İsmayılov Feyruz Yusif oğlu,
İsmayılov Akif Feyruz oğlu,
İsmayılov Yusif Feyruz oğlu,
İsmayılova Fəzilə Həsənqulu qızı,
Kazımov Ramiz Vəli oğlu,
Kazımov Rafiq Vəli oğlu,
Mahmudov Rafiq Sahib oğlu, 
Muradov Rafael Fətəli oğlu,
Nurullayev Məmməd Zeynal oğlu, 
Xudaverdiuyev Fazil Qasım oğlu,
Xudaverdiyev Əbülfəz Qüdrət oğlu,
Cəfərov Əlisalam Bayram oğlu,
Şükürov Şaban Abı oğlu,
Şükürov Sərraf Abı oğlu,
Nağıyev Şaban Abbas oğlu,
Şıxəliyev İdris Yaqub oğlu.

Sultanağa Teymurbəy oğlu Zülfüqarov (1899-1976)
İnqilabdan əvvəl Lənkəran seminariyasını bitirib. 1920-ci ildə Masallı İnqilab Komitəsinin sədri olub. 1922-ci ildə Lənkəran qəza prokurorluğunun müstəntiqi işləyib. 1928-ci ildə Astara RİK-də sədr, həmin ildə Laçın rayon qəza komitəsinin katibi, 1930-1933-cü ildə Lerik RİK-nin sədri olub. 1933-1935-ci ildə Astarada, 1935-1938-ci ildə Xaçmaz və Quba rayonlarında prokuror işləyib. 1938-1939-cu illərdə Azərbaycan Yeyinti Sənayesi Nazirliyində hüquq şöbəsinin, 1939-1941-ci illərdə Sumqayıt şəhər torpaq şöbəsinin müdiri vəzifəsində çalışıb. Müharibəyə gedib, Krım, Sevastopol, Kerç, Fiadose, Qamışburun ətrafında vuruşub.

Feyruz Yusif oğlu İsmayılov (1909-1974)
1939-cu ildə Azərbaycan Hüquq Məktəbini bitirib. Azərbaycan Ali Məhkəməsində məsul vəzifədə çalışıb. 1940-cı ildə Balakən rayon Xalq Məhkəməsinin sədri seçilib. 1942-ci ildə Bakı 3 saylı piyada qoşunları məktəbini bitirib və Balakən rayon Hərbi Komissarlığında məsul vəzifədə çalışıb. 1945-ci ildən isə Masallı rayonunda müxtəlif təsərrüfat və dövlət işlərində fəaliyyətini davam etdirib.

Xanoğlan Əbdüləhəd oğlu Ağayev (1913-cü il. Ölümü məlum deyil)
Azərbaycan Hüquq Məktəbini bitirib. Lerik, Zaqatala və Balakən rayonunda maliyyə şöbəsinin müdiri, Zaqatala və Zərdabda xalq hakimi işləyib. Bir müddət Ədliyyə Nazirliyində işləyəndən sonra Sumqayıtda Baş hakim və İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışıb. Ali Məhkəmə kollegiyasının üzvü olub.

Akif Feyruz oğlu İsmayılov (1937-1994)
1956-cı ildə Bakı Ümumqoşun hərbi məktəbini, sonra isə Mərdəkan Milis məktəbini bitirib. Rostov-don şəhərində Ali Milis Məktəbini bitirib. Respublika DİN-də əməliyyat müvəkkili, cinayət axtarışı idarəsinin baş inspektoru, Xətai rayon DİŞ-nin və 6-cı İdarənin rəis müavini, Bakı şəhər Dİİ-nin xüsusi ağır cinayətlər bölməsinin, Bakı şəhər cinayət axtarış şöbəsinin, Sabunçu rayon DİŞ-nin, 7-ci İdarənin rəisi kimi məsul vəzifələrdə çalışıb. Ömrünün sonunda, Azərbaycan Prezident Aparatında Xüsusi İdarənin məsul işçisi kimi fəaliyyət göstərib, Polkovnik rütbəsinə qədər yüksəlib.

Çingiz Adil oğlu Bəşirov (1955)
1977-ci ildə ADU-nin hüquq fakültəsini bitirib, Respublika ədliyyə nazirliyinin qanunların hazırlanması və sistemləşdirilməsi idarəsində məsləhətçi işləyib. M.V.Lomonosov adına Moskva Dövlət Universiteti aspiranturasının hüquq fakültəsinin cinayət prosesi, məhkəmə quruluşu, prokuror nəzarəti və kriminalistika şöbəsində təhsil alıb. 1982-ci ildən RSFSR Ali Məhkəməsində məsləhətçi, cinayət işləri üzrə məhkəmə kollegiyasında baş məsləhətçi, məhkəmə qərarlarına nəzarət və onların yoxlanılması şöbəsinin və 1986-cı ildən Azərbaycan Ədliyyə Nazirliyi xalq təsərrüfatı və qanunçuluq idarəsinin rəis müavini, məhkəmə təcrübəsi və milli münasibətlər şöbəsinə təlimatçı təyin edilib. 1990-2000-ci illərdə Azərbaycan Ali Məhkəməsinin sədr müavini işləyib. Hazırda Abşeron rayon Məhkəməsinin sədridir.

Əflatun İbrahim oğlu Qasımov (1955)(050 380 97 97 )
1981-ci ildə BDU-nun hüquq fakültəsini bitirib. 1977-ci ildən ədliyyə sistemində çalışıb. Bakı şəhər, Nərimanov, Nizami rayon məhkəmələrində müxtəlif işlərdə fəaliyyət göstərib. Xaçmaz rayon 1 saylı Dövlət Notariat kontorunda notarius, 1990-cı ildə həmin kontorda baş notarius işləyib. 1993-cü ildə Xaçmaz rayon xalq məhkəməsinin sədri olub. Daha sonra Əflatun Qasımov Sumqayıt hərbi prokuroru, Bakı şəhər xüsusilə ağır cinayətlər üzrə məhkəmə sədri, hal-hazırda isə Bakı şəhər Apelyasiya Məhkəməsinin sədrlərindən biri kimi çalışır.

Rafiq Vəli oğlu Kazımov (1956)
1983-cü ildə BDU-nun hüquq fakültəsini bitirib. 1985-1987-ci illərdə Bakı şəhər məhkəməsində iclas katibi, 1987-1989-cu illərdə Respublika Ədliyyə nazirliyinin qanunvericiliyin sistemləşdirilməsi və qanun layihələrinin hazırlanması idarəsində Baş məsləhətçi. sonralar Bakı şəhərində 2-ci dövlət Notariat kontorunda dövlət notariusu, Lerik rayon məhkəməsinin sədri, hal-hazırda isə Balakən rayon məhkəməsinin sədridir.

Cavanşir Nəbi oğlu Əsədov (1936)
1960-cı ildə ADPU-in tarix-filologiya fakültəsini bitirib. 1960-1965-ci illərdə Boradigah orta məktəbində müəllim, 1965-1969-cu illərdə Telman adına sovxozda ilk partiya təşkilatı katibi, 1969-1971-ci ildə həmin sovxozda direktor işləyib. 1971-1976-cı illərdə Masallı rayon XDS İcraiyyə Komitəsinin sədri seçilib. 1976-1978-ci illərdə tütün fermentləşdirmə zavodunun, 1978-1982-ci illərdə Bədəlan və Boradigah 1 saylı çay fabrikinin direktoru, sonra isə 2 saylı çay fabrikin direktoru işləyib. 1991-1992-ci ildə Rayon Çayçılıq Birliyinin rəisi, 1992-1993-cü illərdə Masallı Rayon Sovetinin sədri olub. 1990-cı ildə Azərbaycan Ali Sovetinin deputatı olub. İlk yerli millət vəkilidir. Hazırda C. Əsədov Masallı rayon Ağsaqqallar Şurasının sədridir.

Arif Möhüb oğlu Quliyev(1942-1973)
Ə. Əzimzadə adına Bakı Rəssamlıq məktəbini və Sankt-Peterburqdakı Muxina adına Rəssamlıq Akademiyasını bitirib, Bakıya təhsil aldığı rəssamlıq məktəbinə müəllim kimi qayıdıb. Eyni zamanda “Azərbaycan qadını” jurnalında rəssam kimi işləyib. Hayıf ki, həyat onu aramızdan tez apardı...

Mirzə Əvəz oğlu Məmmədov(1961)
Yekaterinburq rəssamlıq məktəbini bitirib. İncəsənət İnstitutunda oxuyub, hazırda oranın ölkəşünaslıq muzeyində baş rəssam-dekorator işləyir.

Kamil İsgəndər oğlu Zülfüqarov(1923-1942)
Şimali Qafqaz cəbhəsinin 885-ci atıcı alayın vzvod komandiri olub. Yazıçı Əlfi Qasımovun “Qızburunda tək məzar” povesti 19 yaşlı həmyerlimiz Kamil Zülfüqarova həsr edilib. K.Zülfüqarovun qəbri Nalçikin II Qızburun kəndindədir. II Qızburun kəndindəki 1 saylı orta məktəbin həyətində K.Zülfüqarovun heykəli qoyulub.

Əliabbas Mehrəli oğlu Novruzov(1916-1944)
1941-ci ildə cəbhəyə gedib. Ukraynanın Kanatov şəhərində hərbi təyyarəçilik məktəbini bitirib. Çeçen-İnquşetiyanın Qroznı şəhərinə hərbi komendant təyin edilib. 1944-cü ildə Türkmənistanın Mari şəhərinə tank briqadasına göndərilib. Ə.Novruzov Litvanın Rokişçki rayonunun Obyalyay qəsəbəsində döyüş zamanı həlak olub.

İdmançılarımız:
Boradigahda tarixən qoluqüvvətli, güclü adamlar çox olub. Belələrinə Şamil Qasımoğlu, Məşədi Əkbər, İsa Nəciyev, Məmməd Qurbanov və başqalarını misal göstərmək olar. Boradigahda futbol və milli güləş daha çox yayılmışdı. Məmməd Qurbanov ağırlıqqaldırma üzrə qəsəbəmizdə ilk çempion olub. 1951-1952-ci illərdə o Ümumittifaq yarışlarda iştirak etmiş, 1-ci dərəcəli idman ustası adını almışdır. Həmyerlimiz Məmmədov Sifariş güləş üzrə idman ustasıdır. Daha bir Boradigahlı Arif Hüseynəli oğlu Məmmədov da Azərbaycan çempionu olmuşdur (1992).

Telman Paşa oğlu Paşayev(1953)
Güləş üzrə Beynəlxalq dərəcəli idman ustası, Avropa çempionudur. 1975-ci ildə Minskdə keçirilən dünya çempionatında 2-ci yeri tutmuş, 2 dəfə dünya kubokunun sahibi olmuşdur. Amerikada gənclər arasında keçirilən çempionatda 1-ci yeri, İspaniyada isə 2-ci yeri tutub, Avropa çempionu olub.

Həkimlərimiz:
Boradigahda ilk xəstəxana 3-5 çarpayılıq ilk dəfə 1905-ci ildə yaradılmışdır. Boradigahda ilk ali təhsilli qadın həkim Səkinə Mirzəməmmədəli qızı Ələkbərli (1919-1988) olmuşdur. O 1939-cu ildə Tibb institutunu bitirib, 1943-cü ildən Boradigahda həkim kimi fəaliyyətə başlamışdır. Onun bacısı Səltənət Ələkbərli (1913-1990) ilk mama-ginekoloq olub. Boradigahda hal-hazırda 15 çarpayılıq xəstəxana vardır. Orada doğum, terapeya, uzi, rentgen, laboratoriya və cərrahiyyə şöbələri fəaliyyət göstərir. Ali təhsilli həkimlərimizdən Şahab İbadov, Faiq Nəzərov, Ətrafil Hacıyev, Vəliağa Ramazanov, Cavanşir Ramazanov, Nazim Mahmudov, Naib Zeynalov, Məmməd Məmmədov, Fərasət Kazımov, Seymur Əsədov və başqalarını göstərmək olar. Qadın həkimlərimizdən Ceyran Məmmədova, Məryəm Dadaşova, Şahnaz Novruzova, Aygün Hacıyevanı göstərmək olar.

Zeydulla Hüsrət oğlu Səlimov (1949) 
1972-ci ildə Tibb institutunu bitirib, 1975-1982-ci illərdə Boradigah xəstəxanasında işləyib, 1983-cü ildən Bakının Sabunçu qəsəbəsində cərrah işləyir.

Babayev Eldar Seyidağa oğlu(1955)
Boradigahda doğulub. 1971-1977-ci illərdə Bakı Tibb universitetini bitirib. Bir neçə il Oğuzda pediatr işlədikdən sonra Elmi Tədqiqat Pediatriya institutunda çalışmışdır. 1989-2001-ci illərdə Moskva şəhərində Elmi Tədqiqat Hemotoloji mərkəzdə işləmişdir. 1994-cü ildə tibb elmləri namizədi, 2001-ci ildən isə tibb elmləri doktoru, professordur. Hazırda Bakı şəhərində Elmi Tədqiqat Hematologiya və Transfuzologiya institutunda Şöbə rəhbəridir.

Qarabağ uğrunda döyüşən həmkəndlilərimiz:

1. Ağayev Azər Həmid oğlu
2. Ağayev İlqar Şamil oğlu
3. Abbasov Zəfər Məzahir oğlu
4. Abdullayev Mirzəbaba Nəriman oğlu
5. Baxşəliyev Fətəli Eldar oğlu
6. Baxşəliyev Fizuli Hüseynbala oğlu
7. Boyliyev Şaiq Mürsəl oğlu
8. Əhmədov Soltanağa Mirzəbala oğlu
9. Zaliyev İlkin Fətəli oğlu
10. İsmayılov Cəsarət Səyyad oğlu
11. İsmayılov Səfərxan Böyükağa oğlu
12. Məmmədov Şaiq Sabir oğlu
13. Məmmədov Nazim Nurulla oğlu
14. Məmmədov İxtiyar Xudayar oğlu
15. Məmmədov Əzim Şirəli oğlu
16. Nağıyev Seymur Yunus oğlu
17. Rəfiyev Malik İsabala oğlu
18. Tağıyev Daməd Səfər oğlu
19. Teymurov Orucəli Ağahüseyn oğlu
20. Teymurov Rufulla Beytulla oğlu
21. Cəfərov Elşən Səfər oğlu
22. Şahverdiyev Rakif Akif oğlu.
23. Səmədli Maqsud Malik oğlu

Fətəli Eldar oğlu Baxşəliyev (1964)
1986-cı ildə Azərbaycan Politexnik İnstitutunu bitirib. 1993-cü ilin may ayında könüllü olaraq Milli orduya gedib. O, tank bölüyü komandiri olub. Baş leytenant Fətəli Baxşəliyev Fizuli rayonunun Alxanlı, Qaraxanbəyli, Şükürbəyli, Seyidəhmədli, Əbdürrəhmanlı və Horadiz kəndlərinin erməni işğalçılarından təmizlənməsində iştirak edib.

Ş ə h i d l ə r i m i z

Məmmədov Qeysər Heybət oğlu (1974-1994)
1991-ci ildə Boradigah qəsəbə orta məktəbini bitirmiş, 1993-cü ilin aprelində hərbi xidmətə çağırılmışdır. Sumqayıtda hərbi hissələrin birində 6 aylıq təlim keçdikdən sonra Zəngilan bölgəsinə göndərilmişdi. Beyləqan istiqamətində döyüşmüş, Fizulidə gedən vuruşmada 1994-cü ilin yanvar ayının 12-də qəhrəmancasına həlak olmuşdur.

Paşayev Fərasət Qubad oğlu (1973-1994)
Boradigahda anadan olmuşdu. 1991-ci ildə hərbi xidmətə çağırılmış, Laçının, Qubadlının, Kəlbəcərin, Fizulinin bir çox kəndlərinin müdafiəsində igidlik göstərmişdi. 1994-cü il fevral ayının 3-də Fizulinin müdafiəsi zamanı həlak olmuşdur.

Cavadov Zəfər Əlihüseyn oğlu(1974-1994)
Boradigahda doğulmuşdu. 1993-cü ildə hərbi xidmətə çağırılmış, Fərrux, Ağbulaq, Aranzəmin, Sırxavənd, Qazançı kəndləri uğrunda döyüşlərdə igidlik göstərmişdir. 1994-cü il aprelin 19-da Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşdə həlak olmuşdur.

Nağıyev İnqilab Şabala oğlu(1974-1993)
Boradigah qəsəbəsində anadan olmuşdur. 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. Bir müddət Lənkəran hərbi topçu polkunda hərbi hazırlıq keçmişdir. Laçın, Kəlbəcər, Ağdərə bölgəsində vuruşmalarda iştirak etmişdir. 1993-cü il martın 27-də cəsur topçu İnqilab Nağıyev Çərəkdar kəndinin müdafiəsi zamanı həlak olmuşdur.


Böyük Vətən Müharibəsində Boradigah qəsəbə ərazisindən 700 nəfərə qədər vətəndaşımız cəbhəyə gedib. Hal-hazırda onlardan yalnız 1 nəfəri sağdır.

Abbasov Məmmədhəsən Əliməmməd oğlu (1927).

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az