30 may 2019-cu il tarixdə YAP Masallı rayon təşkilatı aparatında Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi və “Nəsimi ili” ilə əlaqədar “Nəsimi irsi” mövzusunda tədbir keçirilmişdir.
    Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin “Nəsimi ili” elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyini bildirmişdir.
    Seyfəddin Əliyev bildirmişdir ki, Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü təbliğ edib. Söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş bu filosof şair yalnız Azərbaycan deyil, eləcə də türk ədəbiyyatının təkmilləşməsinə töhfələr verib. İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır: “Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ümummilli lider Heydər Əliyev tərəfindən atılıb. Ümummilli Liderin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub və ölkəmizdə ilk dəfə Nəsiminin abidəsi ucaldılıb. Azərbaycan poetik dilinin inkişafında böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri olan Nəsimi Azərbaycan şeir dilini yüksək bir zirvəyə qaldırıb.
    Seyfəddin Əliyev qeyd etmişdir ki, Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi İli” elan edilməsi barədə Sərəncamının əhəmiyyəti bir də ondan ibarətdir ki, orada dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb.
    Tədbirdə iştirak edən Nurməmməd Ağayev çıxışında İmadəddin Nəsiminin öz əsərlərində dövrün mütərəqqi fikirlərini tərənnüm etdirdiyini, böyük Nizaminin Şərq ədəbiyyatına gətirdiyi qabaqcıl ideyaları davam və inkişaf etdirərək öz amalı uğrunda yorulmadan mübarizə aparan və bu yolda mərdliklə ölümə gedən fədakar bir sənətkar olduğunu qeyd etmişdir.
    Tədbirdə iştirak edən Ülviyyə Məmmədova, Nəcəfqulu Quliyev, Məhbubə Şahbazova və başqaları çıxış edərək, İmadəddin Nəsiminin Azərbaycan milli ədəbi dilinin zənginləşdirilməsi, həmçinin saflaşdırılması yönündə mühüm xidmətlərindən bəhs etmişlər.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az