07 iyun 2019-cu il tarixdə Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində, Masallı Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə uşaq hüquqlarına həsr olunmuş “Mən hüquqlarımı öyrənirəm” adlı tədbir keçirilib. Tədbirdə Masallı Təhsil Şöbəsinin metodisti, rayonun bir sıra ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edirdi. Tarix-Diyarşünaslıq Muzeyində baş tutan tədbir, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) təşəbbüsü ilə ölkə miqyasında qeyd edilən “İnsan Hüquqları aylığı” çərçivəsində keçirilmişdir.

    Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva insan hüquqları anlayışı və onun yaranma və formalaşma tarixi, eləcə də Azərbaycanda insan hüquqlarının tətbiqi və qorunması ilə bağlı mühüm məsələlərə toxundu. Bununla yanaşı, o, insan hüquqları anlayışının vacib tərkib hissələrindən biri olan uşaq hüquqlarının tətbiqi və onun qorunmasının hazırki vəziyyəti ilə bağlı geniş çıxış etdi. Bildirdi ki, müasir cəmiyyətdə insan hüquq və azadlıqlarının təmin edilməsi ən vacib məsələlərdən biridir. Bu baxımdan, Azərbaycanda da bu sahədə böyük işlər görülmüşdür. İnsanlarımızın bütün hüquqları və azadlıqları, o cümlədən uşaq hüquqları dövlət tərəfindən qorunur. Bu, olduqca müsbət haldır və bir daha onu göstərir ki, dövlət və cəmiyyətimiz müasir dünyanın söykəndiyi sivil dəyərlərə sadiqdir.
    Muzeyin elmi işçisi Həbib Ağayev, insan hüquqlarının yaranma tarixi və bu günü, Azərbaycanda insan hüquqları, o cümlədən uşaq hüquqları sahəsində görülən işlər – müvafiq qanunvericilik bazasının yaradılması, habelə uşaqların, sosial, təhsil, səhiyyə və digər hüquqlarının həyata keçirilməsi istiqamətində hökumətin atdığı addımlar, bu sahədə BMT konvensiyası və digər əlaqədar beynəlxalq normativ-hüquqi sənədlər haqqında mühazirə ilə çıxış etdi.
    Masallı Təhsil Şöbəsinin metodisti Əyar Burhanov isə çıxışında bildirdi ki, bəşəriyyəti müharibə və digər faciəli hadisələrdən qorumaq üçun BMT kimi universal təşkilat yaradılmışdır və bu mötəbər beynəlxalq qurumun əsas vəzifəsi ilk növbədə insan hüquq və azadlıqlarını, o cümlədən uşaq hüquqlarını qorumaqdır. Ə. Burhanov onun da qeyd etdi ki, ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi istiqamətində atılmış ən böyük addımlardan biri ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə qəbul edilmiş “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası qanunu olmuşdur. Bu qanunun icrası nəticəsində uşaq hüquqlarının müdafiəsi sahəsində müəyyən nailiyyətlər əldə edilmişdir. Bu qanun imkan verdi ki, uşaqların bir çox – təhsil, sosial və digər hüquqları dövlət tərəfindən effektiv şəkildə qorunsun. Çünki, bu çox vacib məsələdir. Uşaqlar bizim gələcəyimizdir. Onları qorumaq dövlətin də, cəmiyyətin də əsas vəzifəsi olmalıdır.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az