Son illərdə Masallı rayonunda arıçılığa maraq və diqqət artıb. Əslində bu sahə ilə xalqımız ta qədimdən məşğul olub. Yadımdadır, ötən əsrin 60-cı illərində kəndimizdə Mictəba kişi vardı. O, kənddə ağır təbiətii, səbirli, zəhmətkeş insan kimi tanınırdı. Mictəba kişi kolxozda çalışsa da şəxsi təsərrüfatında arıçılıqla da məşğul olurdu. Keyfiyətli balın sədası uzaq rayonlarda da eşidilirdi. Arıçılıqla məşğul olanlar da Mictəba kişinin yanına gəlir, onun təcrübəsindən yararlanırdılar. Kənddə bir neçə adam arıçılıqla məşğul idi.
    Bu gün arıçılığa maraq şübhəsiz, iqtisadiyyatımıza, adamların məşğulluğuna çox fayda verir. Dövlət arıçılığa dəstək olur, bu sahəyə subsidiya buraxır. Bu da rayonda arıçılığın inkişafına təkan verir. İndi rayonda Yavər Əkbərov, Sübhan Şiriyev, Tofiq Talıbov, İntiqam Quliyev, Yusif Mirzəyev, Fəxrəddin Nəzərov və onlarca başqası arıçılığın sirlərinə yaxından bələddirlər.
    Ötən əsrin 50-60-cı illərində dağətəyi kəndlərində bu sahə ilə məşğul olanların sayı çox idi. O illərdə bizimlə bir ərazidə yerləşən Rüdəkənarda 30-40 ev mövcud idi. Elə şəxsi təsərrüfat olmazdı ki, orada arı saxlanmasın. Kəndin ağsaqqalı Pirməmməd Xanməmmədov, Cankişi Əhədov, Əhəd Qənbərov, Züleyxa Əliyeva, Rza Həmidov, Yadulla Əliyev və başqaları arıçılığın tanınmışları olmuşlar.
    Bəs arıçılıq Azərbaycanda nə vaxt yaranıb və inkişafı yolları hardan başlanıb?
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına verilən məlumata görə  və xucularımızın xahişi ilə Masallı rayonunun timsalında  bu barədə bəzi məlumatlara açıqlama gətirmək istəyirik. Bu yazıda həmsöhbət olduğum arıçıların, bu sahədən bəhs edən ədəbiyyatlardakı fikirlərə, qənaətimizə istinad edirik.
    İnsanlar eramızdan əvvəl IX-VIII əsrlərdə Zaqafqaziyada arıçılıqla məşğul olmuşlar. Bu sahənin ölkəmizdə də qədim tarixi vardır. Azərbaycanda arıçılığın inkişafı X-XII əsrlərə təsadüf edir. Dahilərimizdən Nizami və Xəqani Azərbaycan balını ilhamla tərənnüsm etmişlər. Ölkəmizdə arıçılığın qədimliyi bir də onunla izah olunur ki, neçə-neçə yaşayış məntəqəmizin adı bu sahədən qaynaqlanır. Arıtəpə, Arıqıran, Ballıqaya, Arıqayası kəndləri, Arısu çayını misal gətirmək olar. Neçə əsr əvvəl arılar ağac oyuqlarında, götük tənəklərdə, səbətlərdə saxlanılırdı. Bu da arıçılığın inkişafına mane olurdu. Sovetlər dönəmində də arıçılıq təkcə dövlət təsərrüfatlarında deyil, şəxsi təsərrüfatlarda da önəmli olub. Hazırda ixtisaslaşdırılmış fermer təsərrüfatlarının sayı ilbəil artmaqdadır. Bu da arıçılığın inkişafı, həm də minlərlə adamın məşğulluğu deməkdir.
    Bal arıları ailə halında yaşayırlar. Bu ailə bir ana arıdan, minlərlə işçi arıdan, yay vaxtı isə bir neçə yüz erkək arıdan ibarət olur.
    Yazda, yayda və payızın əvvəllərində ana arı şanın açıq qovuqcuqlarına yumurta qoyur. Bu yumurtalar 3 gündən sonra ağ qurdcuqlara çevrilir ki, bunlara açıq süfrələr deyilir. Bu süfrələr qovuqcuqda böyüyüb inkişaf edirlər. Məhsuldarlıqda əsas rolu ana arılar aparır. Ana arı böyüklüyü ilə başqalarından seçilir. O, xarici görünüşü ilə də fərqlənir. İşçi arının qanadları qarıncığını örtür, erkək arının qanadları isə bədənindən uzun olur. Ana arı ailəsinin şahı sayılır. Ana arı yetişib qovuqcuqdan çıxdıqdan 3-4 gün sonra erkək arı ilə cütləşir. Buna mayalanma deyilir. Bu cütləşmə havada uçuş vaxtı baş verir. Ana yumurta qoyanda yemləyici arılar onu yüksək keyfiyyətli qida ilə –arı südü ilə yemləyirlər. Arı südü yemləyici arıların baş hissəsində yerləşən xüsusi vəzilərdə ifraz olunur.
    Arı ailəsində əsasən bir, bəzən də iki ana arıya təsadüf olunur. Belə vəziyyətdə analar qarşılaşanda ölüm-dirim mübarizəsinə çıxırlar. Bu zaman zəif ana mübarizədə ölür. Ana arı adamı həmişə sancmır. Ananın qəflətən itməsi arıların böyük həyəcanına səbəb olur. İşçi arılar qanadları vasitəsilə titrəyici hərəkətlər etməklə anası itmş ailə üçün səciyyəvi əlamətdir.
    Erkək arının yetişməsi ancaq mayalanmamış ana olan yerdə və yüksək məhsuldarlığı ilə fərqlənən ailədə zəruridir.
    İşçi arılar pətəkdə ailənin əsas sakinləridir. Onların burada iş bölgüsü vardır. Bir hissəsi balanı yemləyir, digəri şirə, çiçək tozu toplayır, başqası pətəyi qoruyur, havasını dəyişdirir, başqa bir hissəsi gətirilmiş nektarı yenidən işləyib basla çevirərək qovuqcuqlara toplayıb üzərini örtür.
    Arılar yaşadığımız aləmin rəngarəngliyini bizim kimi görmürlər. Onların gözləri ulturabənövşəyi şüalara həssasdır. Onlar üçün əsas rənglər ulturabənövşəyi mavi –bənövşəyi, göy-yaşıl, və s. rənglərdir. Arılar bənövşəyi, sarı və yaşıl rəngləri insandan fərqli olaraq yalnız sarı rəng kimi görürlər.
    Ailədə yalnız işçi arılar şan hörürlər. Əsasən 3-15 günlük çavan işçi arılar intensiv olaraq mum ayırırlar. Mum vəzilərinin ifrazat fəaliyyətini artırmaq üçün narıların güləmlə yemlənməsi böyük əhəmiyyətə malikdir.
    Arıçılıqda inventar və avadanlıqlardan düzgün istifadə qaydaları məhsuldarlığa müsbət təsir göstərir. Çərçivələrə süni şam çəkilməsi üçün işlədilən alətlərə çərçivə qəlibi, biz, deşikaçan, dişli təkər, vərdənəlik, şamkəsəri, çərçivə məftili aiddir.
    Şanın möhürünün açılması, balın süzülməsi və təmizlənməsi üçün balsüzən maşın, arıçılıq bıçaqları, bal pərdələrini yığmaq üçün qutu və s. alətlər lazımdır.
    Təcrübəli arıçılarla söhbətdən aydın olur ki, ölkəmizdə bal verən bitkilərin zənginliyi bu sahənin intensiv inkişafına imkan yaradır. Mövcud şəraitdən səmərəsi istifadə edilməlidir.Arıların çiçəklərə qonması intensivliyi əsas etibarı ilə çiçəklərin ifraz etdiyi nektarın kimyəvi tərkibindən asılıdır. Bu bitkilər isə dağlarımızda, çəmənliklərimizdə çoxdur. Belə bitkilərə şeytanağacı, acı biyan, yonca, cökə, ağlarot, moruq, qanqal, qantəkər daxildir. Arıların eyni zamanda limon, naringi, feyxoa və digər ağacların çiçəklərinə qonması balın keyfiyyətinə daha yaxşı təsir göstərir. Təcrübədən görürük ki, daha keyfiyyətli bal əsasən dağlıq rayonlarda istehsal edilir. Burada ilk yığım dövrü aprelin ikinci yarısından mayın axırlarınadəkdir. Əsas yığım dövrü iyun-iyul ayları, son yığım dövrü iyulun axırlarından oktyabrın əvvəllərinədəkdir.
    Kənd təsərrüfatı bitkilərinin tozlanmasında arıların rolu böyükdür. Meyvə və giləmeyvə bitkilərinin əksəriyyəti arılarla tozlanır. Arılar bu bitkilərin çiçəklərinə həvəslə qonduğundan həmin bitkilərin tozlanmasının təşkili və texnikası xeyli asanlaşır. Bağların səmərəli tozlanması üçün yalnız qüvvəli arı ailələrindən istifadə etmək yaxşı fayda verir.
    Arıların yetişdirilməsi və saxlanılması qaydalarına ciddi əməl edilməsi də məhsuldarlığı artıran səbəblərdəndir. Balın düzgün qablaşdırılması və saxlanması da əsas şərtlərdəndir. Bal 35-50 litr su və ya 50-70 kiloqram bal tutan ağac çəlləklərə yığılır. Çəlləkləri fısdıq, toz və söyüd ağaclarından hazırlamaq məqsədəuyğundur. Ata-babalar lıd və başqa ağaclardan olan çəlləklərə heç vaxt bal tökməyiblər. Çünki bu çəlləklərdə balın rəngi qaralır. Küknar və şam ağaclarından hazırlanan qablardan da istifadə olunmur. Ağzı kip bağlanan, paslanmayan metaldan hazırlanmış qabda bal uzun illər qalır.
    Məlumdur ki, bal min bir dərdin dərmanıdır. Təbii bal həm də ən gərəkli qidadır. Ancaq bu müqəddəs qida da bəzən yüngül qazanc axtaranlar tərəfindən dəyərsizləşdirilir. Çox vaxt bala şəkər, qamış şəkəri, kartof, qarğıdalı, su, un, təbaşir qarışdırırlar. Bunu yəqinləşdirmək üçün təbii balın tərkibini öyrənmək vacibdir. Bunun üçün qabın dibindən bal götürülüb şüşə qaba tökülür, üstünə distilə edilmiş su əlavə edilir. Təmiz bal şəffaf, qatqısı olan işə çöküntü ilə müşahidə edilir. Bundan başqa sadə üsullar da mümkündür.
    Son vaxtlar arı südü dünyanın müxtəlif ölkələrdə insanların diqqətini cəlb edir. Bu, çox çətin əməliyyatdır. Təzə arı südü qaymağa bənzəyir. Ağ rəngli arı südü qaldıqca müxtəlif rəng çalarlarını göstərir. Arı südündən səhiyyədə dərmanların hazırlanmasında istifadə edilir. Xüsusilə uşaqlarda yoluxucu xəstəliklərin müalicəsində önəmli rol oynayır.
    Arı zəhərindən də təbabətdə geniş istifadə edilir. O, oynaq revmatizminin və sinir xəstəliklərinin radikulit və uclu sinirin müalicəsində yaxşı nəticə verir. Eyni zamanda ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır, bir çox sağalmayan yaralara da məlhəmdir.
    Həyatda hər bir canlı xəstəliyə tutulduğu kimi arılar da bundan yaxa qurtara bilmir. Onlar da yoluxan və yoluxmayan xəstəliyə tuş gəlirlər. Arı xəstəliklərini öyrənən sahə elmdə çox cavan sahədir. Əsrlər boyu arıların məhv olması adamlarda narahatlıq doğursa da səbəbini öyrənə bilməyiblər. Ancaq indi arı xəstəliklərinin öyrənilməsinə və onların xəstəliklərdən qorunmasına diqqət böyükdür. Bu xəstəliklərə qarşı ciddi mübarizə aparılır.
    Arı sancması da bizi qorxudan və düşündürən məsələlərdəndir. Sancma bəzən ağırlaşmalara da səbəb olur. Bu zaman sancma tikanı sancma aparatı ilə kənarlaşdırılmalıdır. Çoxlu arı sancarkən mütləq həkimə müraciət olunmalıdır.
    Qədim Yunan filosofu Ərəstunu “Arıçılıq günəşi” adlandırırdılar. Çünki bu sahədə onun dərin biliyə və müşahidəyə əsaslanan dərin fikirləri sonralar bu sahənin öyrənilməsinə yol açıb.
    Bu mövzunu bir qəzəet məqaləsində oxucunu müfəssəl məlumatlandırmaq qeyri-mümkündür. Ancaq mütəxəssislərdən müəyyən məsələləri öyrənib oxuculara çatdırmaq istədik.
    Həmsöhbət olduğum arıçılar bu mövzunun maraqlı elmi-tədqiqata ehtiyac olduğunu qeyd edib göstərirlər ki, arılar ulu Tanrının yaratdığı möcüzələrdən biridir.
    Cənub bölgəsində bu sahədə tanınan fermerlərdən arıçılıq barədə tövsiyə və söhbətlərinə əsaslanıb yazını ərsəyə gətirdim. Buna görə Masallıdan Yavər Əkbərov, Astara fermerlərindən Ziyad Həmzəyev, Həsən Xaliqov, Şəmkir Əliyevə təşəkkür edirəm.
    Sonda arı və onun məhsulu olan bal haqqında yadda qalan atalar sözlərini oxucuların nəzərinə çatdırmaq maraqlı olardı:
    -Balı sevirsənsə, arı sancmasına da dözməlisən.
    -Arı qızılgül kimi tikansız olmaz.
    -Arıdan çox zəhmət sevən tapmazsan.
    -Arı təkcə özü üçün işləmir.
    -Harda çiçək varsa, orda bal da olar.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az