İnsan və təbiət. Hərdən düşünürsən: “Görəsən, təbiətmi insanı yaşadır, yoxsa insanmı təbiəti?”. Bircə o bəllidir ki, ayrı-ayrılıqda onların heç biri mövcud ola bilməz... Ekoloji vəziyyəti yaxşılaşdırmaq, yaşıllıq sahələrini artırmaq, ölkədə sanitariya mədəniyyətini yüksəltmək və s. məsələlər həmişə dövlətimizin diqqət mərkəzində olub və bu istiqamətdə olduqca böyük işlər görülüb.
    Bu proses ardıcıl olaraq bu gün də davam etdirilir. Ən önəmlisi odur ki, bu tədbirlərin həllinə ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyinin birinci dönəmində başlanılmışdı. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “Təbiət Allah tərəfindən yaradılıbdır. Onu qorumaq isə bizim müqəddəs vəzifəmizdir. Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsildiyini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm. Bir də deyirəm - kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir... İnsan qurmalıdır, yaratmalıdır... Hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o, nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir. Ona görə də siz hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız”.
    Dahi rəhbərin xalqımız qarşısında saysız-hesabsız xidmətlərindən biri də paytaxtda yaşıllığın, ekologiyanın, əhalinin sağlam həyat tərzinin qorunmasına göstərdiyi diqqət və qayğı olmuşdur.
    Bu yaxınların söhbətidir. Qəzetimizin Türkiyə təmsilçisi professor Əflatun Nemətzadə redaksiyamızda olarkən Abşeron rayonunun Novxanı qəsəbəsində “Klub Flora” adlı şəxsi bir bağın Rauf Rəhimov tərəfindən yüksək zövqlə salındığını bildirdi. Qeyd etdi ki, bağ sanki bir möcüzədir. Vədləşib, isti yay gününün birində yolumuzu oradan saldıq. Yetişəcəyimiz ünvana yaxınlaşdıqca dənizdən gələn sərin meh ovqatımıza daha da xoş əhval-ruhiyyə qatır. Nəhayət, üz tutduğumuz ünvana yetişirik. Bizi xüsusi mehribanlıqla və qonaqpərvərliyi ilə qarşılayan Rauf müəllim söhbətə başlayır:
    — “Dədə Qorqud” filmində torpaq haqqında deyilən söz hər birimizin qulağında sırğa olmalıdır: “Torpağın vətən olması üçün iki əsas şərt var: biri odur ki, gərək onu qoruyasan, ikincisi isə torpağı gərək əkib-becərəsən. Əgər qoruya bilmirsənsə, əkib-becərmirsənsə, qorumağa dəyməz”.
    Təbiət insanın ən böyük həmdəmi, ilham mənbəyidir. Təbiət öz çalarları, təzadları ilə gözəldir. Yaşıllıq insanda pozitiv ruh yaradır. İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivinin çoxluğu arzu ediləndir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır. Bizi əhatə edən ətraf aləm gözəl təbiət mənzərələri ilə zəngindir. İnsan bir anlıq bu əsrarəngiz aləm qarşısında heyrətini gizlədə bilmir. Şair qələmi, rəssam fırçası acizdir bunları vəsf etmək üçün...
    Hərdən işimizin çoxluğundan ətrafımıza nəzər salmırıq. Hərçənd ki, adi bir su şırıltısı, yarpaqların xəfif titrəyişi, qarışıq fikir və düşüncələrimizi alıb götürən həzin meh bizi xəyalən çox uzaqlara aparır. Gözəl dağ, səma və dəniz mənzərələri insanda gözəl duyğular aşılayır.
    Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir, - deyə Rauf müəllim sözünə davam edir: Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik, onun tərkib hissəsiyik. Təbiət bizim hamımızın anasıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik. Əslində Yer kürəsi adlandırdığımız planetin məzmunu da - ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır. Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər. Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq. Bizim yaşayışımız da, sağlamlığımız da təbiətlə bağlıdır.
    Mən uzun illərdir ki, məhz əkib-becərməklə məşğulam. Lap uşaq vaxtlarımdan. Düz 60 ildir. Doğulduğum Masallı rayonunda da belə bir bağ salmışam. İndi də fəaliyyət göstərir. O bağ da gözəldir. Çünki o bağ daha əvvəllər salınıb. Masallıdakı bağımda Vaşinqton palması var ki, onun hündürlüyü 25 metrə çatır. Həmçinin limon ağacına yapon kinkanı, Vaşinqton apensini, yeni Gürcüstan limon sortu, meyer Amerika limon sortu və mandarin calaq etmişdim. O vaxt bu ağaca “Qitələrin dostu” adı verilmişdi. Vəhşi itburnu koluna isə 22 növ qızılgül kolu calaq etmişdim ki, bu da 17 növ gül açmışdı. Bu da təbiətsevərlərin böyük marağına səbəb olmuşdur. İnanın ki, mən təbiət ilə nəfəs alıram. Onlara öz övladım kimi baxıram. Demək olar ki, günün hər saatı, hər dəqiqəsi, hər saniyəsi onların yanındayam. Mənim üçün təbiətsiz həyat yoxdur. Bu bağı 1991-ci ildə salmışam. Əvvəllər bura məişət tullantıları yeri olub. İndi bu məkan sanki göz oxşayır. Məqsədim təbiətsevərləri bir araya toplamaqdır. Hazırda böyük zəhmət hesabına burada 850-dən artıq gül-ağac kolları vardır. Onların da hərəsinin bir xarakteri var. Güllərin xarakterinə yaxından bələd olmasan heç vaxt onu əkib-becərə bilməzsən. Demək olar ki, burada hər gün ziyarətçilər olur. Gələn, bir də gəlmək istəyir. Bağa yeni gül növlərini gətirməklə çeşidləri artırmaq fikrindəyəm. Dostlar, tanışlar da hansı xarici ölkəyə getsələr, oradan hökmən mənə gül kolları gətirirlər.
    1987-ci ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının Rəyasət Heyətinin sədri, akademik Həsən Əliyev Dənizkənarı Bulvarda sərgimi təşkil etdi. Fəxri Fərman və diplomlarla təltif olundum. Hər zaman əməyim dəyərləndirilib. Sovet mətbuatında dəfələrlə haqqımda material dərc olunub.
    “Klub Flora”da xatirə albom-kitabda hörmətli qonaq və ziyalıların bağ haqqında qiymətli fikirləri əks olunub. “Turan” Elmlər Akademiyasının akademiki Teymur Əhmədov öz ürək sözlərini belə əks etdirib: “... Mən burada gördüklərim nəbatət gözəllikləri səmavi cənnətin müqəddəs aləmindən Sizin kimi əməlisaleh elçisinin şəfalı əlləri ilə sərgiləyib. Xəzər dəryasının sahilində olsaq da, Siz bütün ruhunuz, varlığınızla təbiətin cənnət məkanını yaradıbsınız. İnsan burada özünü ruhən xoşbəxt hiss edir. Mən heyran oldum bu cənnət məkana: nadir gül-çiçək, zövqlə yaradılan mədəniyyət abidələri, Azərbaycan xalqına məxsus sənətkarlıq duyğuları, məhəbbətlə süslənmişdir. Ona görə də bütün insanları, hətta uzaq diyardan gəlmiş qonaqları da heyran edir”.
    Doğurdan da “Klub Flora”ya gələn qonaqların, ziyarətçilərin ardı-arası kəsilmir. Artıq öz rəngarəng gözəlliyi ilə seçilən bağın ziyarətçiləri günü-gündən artmaqdadır.
    Rauf Rəhimov bədii yaradıcılıqla da məşğul olur. Onun ulu öndər Heydər Əliyevə həsr etdiyi şeiri olduqca maraqlıdır.
    Zinət nə gərək, hər bəzəyin ziynəti Heydər,
    Çünki qazanıb mövcud olan şöhrəti Heydər.
    Döndü qərib eldən vətəni od bürüyəndə,
    Azad elədi dərddə olan milləti Heydər,
    Adı, əməli, xəlqi üçün oldu əmanət,
    Çünki yaradıb xəlqi üçün dövləti Heydər
    Görkəmlə yox, amalı ilə heykələ döndü
    Dünya yaşadıqca yaşayar qüdrəti Heydər,
    Şəksiz, o böyük dağı yarardı bu nüfuzla,
    Xəlqindən alıbdır bu böyük qüvvəti Heydər.
    Fəxr ilə dedi: Azərbaycan vətənimdir,
    Yurdundan alırdı həmişə ləzzəti Heydər.
    Olmaz bu siyasətdə ona kimsə bərabər,
    İlhamda təcəlli elədi izzəti-Heydər.
    Bağban Raufa gün tək əzizdir əziz Heydər,
    Çünki qoruyub sevdi gözəl təbiəti Heydər.
    Rauf Rəhimov bu gün gecəsini gündüzə, ayları illərə qatmaqla qarşısına qoyduğu məqsədə nail olmağa çalışır. Təbiətə qəlbi ilə bağlanan, ondan ən yüksək zövq alan, özünü təbiətə borclu bilən Rauf müəllimə uğurlar arzu edirik.
    Müşfiq MİRZƏ,
    “Respublika”.
                     

Facebook Səhifəmiz
Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az