Son vaxtlar meşə yanğınları barədə çox eşidirik. Bu, əvvəlcə məhsulu biçilmiş sahələrin, yol kənarındakı kol-kosların yandırılmasından başlayır. Tikanlıqların yandırılması zamanı onlarca ağacın ziyan çəkdiyinin şahidi oluruq. Bu ağacları isə 10-15 ilə yetişdirmək olmur. Məsuliyyətsizlik o dərəcə yüksək olur ki, rayonun yaraşığı olan meşə zolaqlarında da belə yanğınlar baş verir. Bu yanğınlar isə bəzən məqsədli törədilir. Kim isə yandırılan ağacların yerində nə isə tikmək xülyasına düşür və bəzən buna nail də olur.
    Hər ağac saf, təmiz nəfəs, sağlamlıqdır. Bu nemətin mənbəyi isə meşələr, yaşıllıqlardır. Təbiətin faunası da florasız zənginləşə bilməz. Təəssüf ki, bəzən təbiətsevərlikdən çox danışır, az iş görürük. Hər il yolların kənarlarında idarə və müəssisə həyətlərində minlərlə ağac, gül kolları əkirik. Amma bu əkilənlər gözdən pərdə asmaq üçündür. Çünki qayğısızlıq, biganəlik əkilənlərin susuz qalıb yanmasına səbəb olur. Ərkivan- Qəriblər yolunun çılpaq kənarları kimin yadında deyil? Rayon rəhbərinin təşəbbüsü ilə burada müxtəlif ağaclar əkildi, suvarılması, mühafizəsi üçün tədbirlər görüldü. Qayğıdan böyüyən ağaclar da bu il yanğına tuş gəlib. Buna nə ad vermək olar? Dədə Qorqud babanın təbirincə desək, bu ağacları qorumayacaqsansa əkmə, əkirsənsə qoru.
    Məlumdur ki, yanğınlar əsasən yay mövsümündə baş verir. İstirahət məqsədilə yaşıl ormanların qoynunda dincələnlərin biganəliyindən yanğınlar bir anda təbiətə nə qədər ziyan vurur. Flora və faunanın qarşılıqlı vəhdətini təşkil edən meşələr ən qiymətli təbii sərvətdir. Sivil ölkələrdə bu sərvəti qoruyub artırmaq ən müqəddəs işdir. Meşələr, yaşıl örtüklər torpağın münbit qatının yuyulub korreziyaya uğramasının qarşısını alan ən etibarlı qoruyucusudur. Üstəlik daşqınların minumuma endirilməsinə kömək edir. Ölkənin bu əvəzedilməz nemətinin bir hissəsi də rayonumuzdadır. Dünyanın nadir meşələrində bitən dəmirağac rayonumuzun şöhrətidir. Palıd, vələs, azat, göyrüş, ağcaqayın, qızılağac, ulasın da olması meşlərimizin zəngin florasından xəbər verir.
    Bu zənginlik isə insanlara sağlamlıq, istirahət, xoş ovqatdır.
    Son vaxtlar meşələrdə məxvi kəsimlər, cavan pöhrələrə mal-qaranın ziyan vurması halları azalıb. Ancaq meşə və yaşıllıqların yandırılması məsuliyyətsizliyi və laqeydliyinə son qoyulmayıb.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına göndərilən müəllif məktubunda yazılır ki, r ayonumuzda 17.000 meşə sahəsi mövcuddur. Yeni əkilənlər hesabına zümrüd meşələrin sahəsi ilbəil genişlənir. Ötən illərdəki qanunsuzluqların azalması qiymətli ağacların qorunması nikbinlik yaradır ki, ağ ciyərlərimiz olan meşələrimizin zənginləşməsi yolunda yaşıl işıq yansın.
    Rayonumuzun axar-baxarlı olması buralara turist axınına səbəb olur. Şübhəsiz bu həm də rayonumuzun şöhrətlənməsi deməkdir. Turistlərin rayona axını əsasən aprel-may aylarından başlanır. Meşələrdə və meşə zolaqlarında da məhz həmin vaxtlardan yanğlnlar başlanır. Burada tonqal qalayanların ekoloji qaydalara əməl etməmələri hesabına yanğınlar baş verir. Bəzən meşələrin dərinliyinə gedib burada tonqallar qalanır və qayıdanda bu ocaqlar söndürülmür. Hələ özləri ilə gətirdikləri şüşə, plastik qabları və başqa məişət tullantılarını da ətrafa səpələyirlər. İnsanların bu məsələyə münasibəti aydındır. Ancaq gəlin etiraf edək ki, meşələrin yanğından qorunması, ekoloji tarazlığa əməl edilməsi ilə əlaqədar ormanlarda, meşə zolaqlarında xəbərdaredici lövhələr azdır və bəzi dolaylarda heç yoxdur. Üstəlik yerli mətbuatda maarifləndirici yazılar dərc edilmir. Meşələrin girəcəyində xəbərdaredici lövhələr asılmayıb. Meşə ərazilərinə yaxın yaşayış məntəqələrində sakinlərlə bu mövzu ilə əlaqədar görüşlər keçirilmir. Meşə yanğınlarının qarşısını almaq məqsədilə ciddi profilaktik tədbirlər az həyata keçirilir.
    Haşiyə: 2019-cu ilin əvvəlində Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin rəhbərliyi ilə bir neçə dəfə telefon əlaqəmiz olub. Ondan xahiş etmişik ki, meşələrin bərpası, əkini, yanğından mühafizə tədbirləri ilə əlaqədar redaksiyaya maarifləndirici məlumatlar təqdim etsin. Elə bil quyuya bir daş atıldı. İndiyə kimi hələ cavab ala bilməmişik. Ümid edirik ki, yeni rəhbərlik bu sahədə həyata keçirilən tədbirlər barədə qəzetimizlə əlaqə saxlayacaq. Onda həm biz məlumatlandırılacağıq, həm də oxucular.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az