Payız xeyir-bərəkət fəslidir. Bu fəsildə təkcə məhsul yığımı başa çatmır, eyni zamanda növbəti il üçün bünövrə yaradılır. Bağbanlar da məhz bu ayda fəallaşır. Ağac əkir, bağ salırlar. Bu xeyirxah tədbir isə yaşıllıqların artırılmasına xidmət edir. Yaşıllıqlar isə təbiətimizə, şəhər, qəsəbə və kəndlərimizə gözəllik, atmosferə zəngin oksigen bəxş edir ki, bu da sağlamlığımızdır.
    Yəqin yadınızdadır, beş-on küçəli Masallı şəhərində yaşıllıqları çinar, xan çinar, küknar və şam ağacları təşkil edirdi.
    Rayon rəhbərliyinin tövsiyə və təşəbbüsü ilə Masallı şəhərində, kəndlərdə, idarə və müəssisələrin, məktəb və səhiyyə ocaqlarının həyətləri, yolların ətrafı meyvə ağacları, əsasən sitrus kolları, feyxoa, yapon əzgili, mandarin əkilməyə başlandı. Bu gün yolların kənarlarında əkilib yetişdirilən ağaclardakı meyvələr göz oxşayır, könül sevindirir. Ancaq təəssüf ki, hər yerdə bu tədbirə önəm verilmir. Hər il ağaclar əkilir, bağlar salınır, ancaq bu əkinlər etibarlı qorunmur. sakinlərin laqeydliyi, mal-qaranın vurduğu ziyan ya da suvarılmaması ucbatından məhv olur.
    Gözümüzün qarşısında mal-qara park və bağlarda, yolların ətrafındakı yaşıllıqlarda ağac və bəzək kollarını sındırır ya da burada səliqəsizlik yaradır. Ancaq hamı bu mənzərəni soyuqqanlıqla seyr edir, yanından etinasız keçib gedir. Çox təəssüf, təəssübkeşlikdən, bir-birinə arxa-dayaq olduğumuzdan ağız dolusu danışırıq, ancaq əməllərdə bu meyarlar görünmür.
    Ölkə Prezidenti cənab İlham Əliyevin fındıqçılığın inkişafı ilə bağlı göstəriş və tövsiyələri bu sahənin inkişafına dəstəkdir. Rayonumuzun Güllütəpə ərazisində 3-4 hektar bağ salındı. Halbuki Güllütəpə, Qəriblər, Məmmədoba, Miyankü, Qodman ərazilərinin dağətəyi torpaqlarında geniş fındıq bağları salmaq mümkündür.
    Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə nəşr olunan "Yeni həyat" qəzetinin redaksiyasına göndərilən müəllif məktubunda yazılır ki, t a qədimdən baramaçılıq xalqımızın maraq göstərdiyi sahə olub. Bu da kəndlərdə tut bağlarının genişləndirilməsinə səbəb olub. Ancaq ötən əsrin 90-cı illərində təsərrüfatın əksər sahəsi kimi baramaçılığa da xitam verildi. Kəndlinin çox vacib bir məşğulluq yeri ləğv olundu. Bir himə bənd imiş kimi kəndlərdəki hektarlarla tut bağına, şəxsi həyətlərdəki tut ağaclarının ömrünə xitam verildi.
    Bir neçə ildir ki, baramaçılığa meydan verilib. Yenidən tut bağlarına diqqət və qayğı başlayıb. Xarici ölkələrdən cins tut tingləri gətirilib yetişdirilir. Nəticə də uğurludur. Bu hesaba baramaçılıq da inkişaf edir. Tut bağları ilbəil genişləndirilir. Deməli, yaşıllıqların artırılmasına böyük kömək göstərilir. Yaşlı ağaclar daranır, dibi yumşaldılır, yay aylarında suvarılır. Tut bağları belə sürətlə genişləndirilsə yaşıllıqlar daha da artar.
    Payızda əkilən tinglər yayda əkilənlərdən daha tez əmələ gəlir, ömrü uzun, məhsuldarlığı da yüksək olur. Bunu mütəxəssislər deyirlər.
    Mütəxəssis dedim köhnə, təcrübəli aqronomlar yadıma düşdü. İndi rayonda bu sahəni yaxşı bilən ya yoxdur, ya da maraq göstərmirlər. Halbuki bağbanlıq çox maraqlı, romantik bir sahədir. Dostlarımdan biri deyərdi ki, mən meyvəsini yemək üçün ağac əkmirəm, barına-bəhərinə tamaşa etməkdən zövq alıram. Çiçəklənəndə dünyanın ən gözəl tablosu kimi ləzzətlə tamaşa edirəm.
    Sonda bir el deyimini oxucuların, bu sahəyə maraq göstərənlərin yadına salıram:
    -Əkiblər yemişik, əkək ki, yesinlər.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az