12 noyabr 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində iştirak edəcək məktəblilər və onları müşayiət edəcək şəxslərlə görüş keçirilib .
    Tədbirdə rayon ictimaiyyətinin nünayəndələri, müəllimlər, məktəblilər və onların valideynləri, KİV nümayəndələri iştirak ediblər.
    Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aybəniz Qafarova iştirakçıları salamlayıb, tur-aksiyanın məqsədi barədə məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, müstəqil Azərbaycanın nailiyyətlərilə yaxından tanış etmək, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
    Tədbirdə iştirak edən Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov bildirib ki, artıq altıncı ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunur. Dövlətimizin başçısının tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar ənənə halını alıb. Maarifləndirici layihə yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gənc və yeniyetmələrə qayğısının əyani təzahürüdür.
    RİH başçısı gəncləri bu fürsətdən faydalanmağa, bölgələr haqqında dərin məlumatlar əldə etməyə çağırıb.
    Rayon rəhbəri son illərdə ölkəmizin sosial-iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını verib, regionlara göstərilən diqqəti nəzərə çatdırıb, Masallıda görülən abadlıq-quruculuq işlərindən bəhs edib.
    Mərasimdə Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, Masallı şəhər Ağsaqqallar Şurasının sədri, Əməkdar müəllim Mirqabil Hüseynov, Mahmudavar kənd tam orta məktəbinin direktoru Kinəxanım Əliyeva, valideyn Soltanağa Cəfərov, Sığdaş kənd tam orta məktəbinin IX sinif şagirdi Sadiq Musayev, Masallı şəhər 5 saylı tam orta məktəbinin X sinif şagirdi Günay Novruzova və başqaları ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından, dövlət-gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən danışıb, möhtərəm Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya “Ölkəmizi tanıyaq” tur-aksiyasına görə minnətdarlıq bildiriblər.
    Qeyd olunub ki, növbəti tur-aksiyada (13-16 noyabr) Masallıdan 40 məktəblinin içtirakı nəzərdə tutulub. 40 şagirdin 20 nəfəri qız, 20-si oğlandır. Tur-aksiyada respublika fənn olimpiadalarının qalibləri, təhsildə, idmanda və ictimai işlərdə fəal şagirdlər iştirak edir.
    Diqqətə çatdırılıb ki, Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə fəaliyyət göstərən Heydər Əliyev mərkəzləri, yeni və müasir binalar, qoruqlar, park və xiyabanlar, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələr, həmçinin tarixi-mədəni abidələr, turizm məkanları ilə yaxından tanış olacaq, musiqili-əyləncəli proqramlarda iştirak edəcəklər.
    Görüşü Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov yekunlaşdırıb, məktəblilərə uğurlu yol arzulayıb.
    Sonda xatirə şəkli çəkilib.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az