İkitərəfli, dördzolaqlı rahat Ələt - Astara magistral yolu ilə cənuba doğru gedirik. Körpülər, keçidlər bir-bir arxada qalır. Bu rahat yol sərnişinləri paytaxtdan Azərbaycanın cənub qapısı sayılan Astaraya 2 saat yarıma çatdırır. Köhnə yolla bu məsafəni 5-6 saata qət etmək mümkün idi.    Heydər Əliyevin sözüdür: "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”. Bəli, təkcə cənubda deyil, ölkənin şimal, qərb istiqamətlərinə dünya standartları səviyyəsində çəkilən asfalt yollar, habelə kənd və qəsəbə yollarının yenidən qurulması sürətli inkişafın nəticəsidir. Bu inkişaf iqtisadiyyat, quruculuq, təhsil, səhiyyə, mədəniyyət, sosial həyat və digər sahələrin də ayrı-ayrı problemlərinin həllinə zəmin yaratdı.
    2004-cü il fevral ayının 11-də Prezident İlham Əliyev tərəfindən regionların sosial-iqtisadi inkişafına dair I Dövlət Proqramı imzalandı. Beləliklə, respublikamızda yeni quruculuq işləri başlandı. Neftdən gələn gəlirlərin böyük bir hissəsi quruculuq işlərinə yönəldildi. Cənub bölgəsinin ən qədim və böyük rayonlarından olan Masallıda da yeni layihələrə start verildi. İllərlə üst-üstə qalanmış problemlər öz həllini tapdı, insanların həyat tərzi, güzəranı yaxşılaşdı.
    Masallı şəhəri dağların ətəyində yerləşir. Şərq istiqamətindən şəhərə giriş Ulu Öndərin adını daşıyan Heydər Əliyev prospektindən başlayır. Rayon mərkəzinin digər - şimal tərəfdəki giriş və əks istiqamətdəki çıxışına - Seybətin dairəsinə kimi uzanan prospektin ətrafındakı abadlıq inkişafın, tərəqqinin nəticəsidir. İlk olaraq qürurla dalğalanan üçrəngli bayrağımız, habelə onun adına yaradılmış muzeylə rastlaşırsan. Sonra yeni tikilmiş ictimai binalar, yaşayış evləri, müasir tipli sosial obyektlər, ticarət şəbəkələri, yaşıllıqlar göz oxşayır. Olimpiya idman kompleksi, "ASAN xidmət”, Dövlət Aqrar İnkişaf Mərkəzi, 100 mənzillik beşmərtəbəli yaşayış evi və digər onlarca tikililər də prospektə xüsusi bir görkəm verir.
    Masallı Olimpiya İdman Kompleksi 2007-ci ildə istifadəyə verilib. 5 minə yaxın gənc və yeniyetmə burada idmanın müxtəlif növləri ilə məşğul olur. Onlardan Mircavad Nəbiyev bu il güləş üzrə yeniyetmələr arasında keçirilən Avropa Olimpiya Oyunlarında uğurla çıxış edərək 3-cü yeri tutmuşdur. Müxtəlif illərdə kompleksin yetirmələrindən Hikmət Abuşov cüdo üzrə Avropa və respublika çempionatında, Təbriz Hacızadə və Qoşqar Səfərli boks üzrə yarışlarda çempion olmuşlar. Sərbəst güləş üzrə Avropa və Dünya birinciliyinin iştirakçısı Sevinc Əhədova 2017-ci ildə Türkiyədə keçirilən "Zəfər” turnirində gümüş medal qazanmış, 2018-ci ildə Avropa çempionatında 5-ci yeri tutmuşdur.
    Masallı Regional "ASAN xidmət” Mərkəzi 2016-cı ilin sentyabrından fəaliyyət göstərir. Ötən dövr ərzində Masallı, Lənkəran, Astara, Lerik, Cəlilabad, Yardımlı və Biləsuvar rayonlarından olan 644,3 min nəfərdən çox vətəndaşa xidmət göstərilmişdir.
    Biləsuvar rayonunun Bağbanlar kənd sakini Eldar Qəhrəmanov deyir ki, təzə tikdirdiyi evə təbii qaz və su xətlərinin çəkilişi və həmin xidmətlərin mərkəzi orqanlarından texniki şərtlərin hazırlanması ilə əlaqədar "ASAN xidmət”ə müraciət edəndə bütün sənədləri qısa bir zamanda hazırlanmışdır. Cəlilabad rayonunun Muğan kənd sakini Çingiz Cəfərov "ASAN xidmət”də sürücülük vəsiqəsini çox qısa müddətdə dəyişdirmişdir.
    Regionlardakı sənaye məhəllələri əhalinin bu və ya digər məhsullara olan tələbatının ödənilməsi, yeni iş yerlərinin açılması zərurətindən yaradılır. İndi belə məhəllələrin məhsulları xarici ölkələrin alıcıları tərəfindən də rəğbətlə qarşılanır. Masallı rayonu ərazisindəki sənaye məhəlləsi də mahiyyət etibarilə mühüm əhəmiyyət kəsb edir. Hazırda burada 10 sahibkar fəaliyyət göstərir və 50 nəfər işçi çalışır. Onlar 8 adda məhsul istehsalı ilə məşğuldurlar. Hər bir sexdə təbii qaz, isti və soyuq su olmaqla bütün lazımi şərait yaradılmışdır.
    Masallıda regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində həyata keçirilən işlər bunlarla məhdudlaşmır. Yenidən qurulan Heydər Əliyev Mərkəzi, yaxınlığında orijinal üslubda ucaldılan Tarix-Diyarşünaslıq Muzeyi, Uşaq incəsənət məktəbi, əsaslı təmir edilən çoxmərtəbəli yaşayış evləri və s. şəhərin görkəminə xüsusi gözəllik verir. Parklardakı işıqlandırma sistemi şəhərin gecələrini nura qərq edir. Rayon mərkəzinin içməli su probleminin həll edilməsi, kanalizasiya sisteminin yenidən qurulması da əhali tərəfindən böyük rəğbətlə qarşılanır. Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Nuruyev deyir ki, Masallı heç vaxt belə abad, yaşayış üçün rahat olmamışdır: "Şəhərin su xəttinin daimi, kanalizasiya sisteminin yararlı olması insanların çoxdankı arzusu idi”.
    Rayonda aqrar sahənin inkişafı da diqqət mərkəzindədir. Dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlar, göstərdiyi diqqət və qayğı kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar açmışdır. Masallı rayonu üçün ənənəvi əkin sahələri, o cümlədən çəltik, çay, sitrus meyvələri, tərəvəz və digər bitkilər yetişdirilməsi genişləndirilmişdir. Belə ki, 2019-cu ildə 7 min 496 hektar buğda sahəsindən 17 min 492 ton, 2 min 786 hektar arpa sahəsindən 5 min 968 ton məhsul yığılmışdır. Bundan başqa, yazlıq əkinlərdən 305 hektar noxud, 105 hektar paxla, 70 hektar mərci, 66,5 hektar lərgə, 844,5 hektar kartof, 1747 hektar tərəvəz, 45,5 hektar günəbaxan, 22 hektar zəfəran, 217 hektar çəltik, 35 hektar tütün, 98,1 hektar yonca, 417 hektarda digər bitkilər əkilmişdir. Həmin sahələrdən də nəzərdə tutulduğundan xeyli çox məhsul əldə edilmişdir. Rayon ərazisində 21 hektar üzüm, 17 hektar feyxoa, 29 hektar müxtəlif növ meyvə bağları mövcuddur. Sığdaş kəndi ərazisində 0,5 hektar sahədə yeni narıngi, Güllütəpə ərazisində 3,2 hektar fındıq bağları salınmışdır.
    Ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı ön plana keçirilmişdir. Cari ildə 35 hektar tütün əkilmiş sahədən 785 min kiloqram yaş tütün yarpağı toplanmış və 54 min 800 kiloqram quru tütün yarpağı təhvil verilmişdir. Rayonda becərilən digər ənənəvi bitki çəltikdir. Onun əkildiyi sahələrin hər hektarından orta hesabla 36 sentner məhsul yığılmışdır. Digər ənənəvi sahə olan baramaçılıqda da nəticələr sevindiricidir. Cari ildə rayonda 125 qutu ipəkqurdu toxumundan 5 min 318 kiloqramdan çox yaş barama istehsal edilərək "Azər-İpək” ASC-yə təhvil verilmişdir.
    Kənd Təsərrüfatı Nazirliyi yanında "Aqrar Kredit və İnkişaf Agentliyi”nin AMAL layihəsi çərçivəsində Ərkivan, Hişkədərə, Kolatan, Miyənkü, Tüklə və Sığdaş kəndləri ərazisində yeni çay plantasiyaları salınmışdır.
    "Arzudan arzu doğur” deyiblər. Masallı rayonunun sakinləri də arzunun reallaşması, gerçəkləşməsi üçün zəhmət tələb olunduğunu yaxşı bilir və bunu əməli işdə sübut edirlər.
     
    Seyran CAVADOV
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az