“Köhnə bazar”ın təzə donu
    Atalar sözü var: “Gözəllik ondursa doqquzu dondur”. Don da təzə, bəzəkli olanda görüntüsü ürək açır, göz oxşayır. Don dedim yadıma “Köhnə bazar” deyilən alqı-satqı mərkəzi düşdü. Düz on-on iki gün bundan əvvələ kimi bu yerin panoramı hamının yadındadır. Masallının futbol stadionundan körpüyə qədər “bazar” ərazisi idi. Bu ərazidə isə rayonun neçə-neçə mədəniyyət ocağı yerləşir. Məsələn, yaraşıqlı Mədəniyyət Mərkəzi, Gənclər Mərkəzi, neçə-neçə məişət, xidmət obyekti. Amma bu tikililərin qarşısından keçmək mümkün deyildi. Hər şirkətin malları ta küçənin ortasına kimi tökülürdü. Çürümüş kartof, soğan, mer-meyvə, boşalmış kardon yeşikləri... üfunət şəhərin xeyli hissəsində hiss olunurdu. Alıcılar narahat olsalar da satıcılar bundan sanki həzz alırdılar. Əgər belə olmasaydı neçə illəri bir tacir bu küçəyə bir maşın çınqıl töküb, bir çalanın sayını azaldardı. Amma, belə olmadı...
    Günəşli bir qış günüdür. Sanki təbiət də bu narahat, çala-çuxurlu küçənin təmirinə rəvac verir. Rayondakı 47 nömrəli Yol İstismarı MMC-nin bütün texnikası buradadır. Qırmadaşla dolu maşınlar yükü boşaldır. Qreyderçi İsabala Məmmədov çınqılları dərhal yayır. Turab Teymurovun vərdənəsi çatmadaşları  torpağa bərkidir.
    Masallı Rayon İcra Hakimiyyəti başçısının tapşırığına əsasən yol ustalarının demək olar ki, hamısı burada işin tez və keyfiyyətlə başa çatmasına nəzarət edir. Baş mühəndis Beytulla Kərimov, aparıcı mühəndis Məmmədağa Dadaşov, İş icraçısı Ramiz Əliyev, yol ustası Əlizadə Kərimov əvvəlcədən planlaşdırılan işlərin gedişinə nəzarət edirlər.
    Budur, asfalt dolu maşınlar aramla küçəyə daxil olur. İş icraçısı Arif Nemətovun göstərişi ilə ilk maşın yükünü asfaltyayan aqreqata boşaldır. Xanbala Vəliyev işini yaxşı bacarır. 30 ilin mexanizatoru aqreqatı işə salır. Maşın irəlilədikcə yolun donu dəyişir. Fəhlələr Mirzəfər Cəfərov, Vüqar və Fərahil Əliyevlər, Fərahim Gözəlov döşənmiş asfaltın kənarlarını hamarlayırlar. Ekskovatorçu Niyaməddin Əzimov hündür yerləri qaşıyıb hamarlayır, suyun axması üçün kiçik arxalar hazırlayır.
    Müslüm Şükürovun da işi məsuliyyətlidir. O, ağır vərdənə ilə döşənmiş asfaltı döyür. Bu sonuncu tədbir asfaltın uzunömürlü olmasına stimul verir.  Yol ustası Əlizadə Kərimov iş prosesini izləyir, texnikanın ahənglə işləməsinə nəzarət edir. Burada iş saatbasaat sürətlənir. Yol ustaları “qış havasına etibar yoxdur” deyə asfaltlamanı vaxtında başa çatdırmağa çalışırlar.
    İşin ikinci günü təcrübəli yol mühəndisi Məmmədağa Dadaşovla yenidən həmsöhbət oluruq. O, görülən işləri təqdir edib, bizi məlumatlandırır:
    -Tapşırığa əsasən 740 metr yol asfaltlanmalıdır. Yolun eni isə bəzi yerdə 14-15 metr, bəzi yerdə isə 18 metrə çatır. Günün ikinci yarısında tapşırığı yerinə yetirəcəyik. Sabahdan maşınlar yeni yoldan keçəcək.
    Uğur olsun, nəhayət ki, Nizami parkının qarşısından keçən yolun alternativi hazır oldu. Bu, son illər Masallıda görülən möhtəşəm abadlıq-quruculuq işlərinin, inkişafının davamıdır.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az