Masallı Rayon İcra Hakimiyyəti başçısının Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin “2019-cu ildə görülən işlər və   2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabat yığıncağı keçirilmişdir.
           Yığıncaqda məruzə ilə çıxış edən Çaxırlı kənd  ərazi nümayəndəsi Musa Qubadov bildirib ki, ərazi Çaxırlı, Kəlbəhüseynli, Sarıcəfərli, İmanlı və Bala Təklə kəndlərini əhatə edir. Ərazinin ümumi sahəsi 2153 hektar, əhalisi 5072 nəfərdir. Təsərrüfatların sayı 1184-dür. Ərazidə 879  yaşayış evi vardır.
            Çaxırlı nümayəndəliyi öz işini Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni rəhbər  tutaraq qurmuşdur. Nümayəndəliyin fəaliyyətini əks etdirən illik və rüblük iş planları hazırlanmışdır.
           Nümayəndəlikdə hər bir müraciətə "Vətəndaşların müraciətləri  haqqında”  Azərbaycan Respublikası Qanununun tələbləri səviyyəsində baxılması təmin edilmişdir.
           Hesabat ilində kənd nümayəndəliyində 99 sərəncam verilmiş, icrasından ötrü tədbirlər planı hazırlanmışdır. Onlardan  8-i əhalinin sosial problemlərinin həlli, 7-si ərazidə abadlıq-quruculuq işlərinin aparılması, 7-sı kütləvi tədbirlərin keçirilməsi,  3-ü   vətənpərvərlik, 2-i  erkən nigah, 1-i yay şumunun vurulması, 1-i əkin, 1-i biçin,  1-i  yeni il ilə bağlı, 4-ü əhaliyə göstərilən tibbi  xidmət, 2-i bələdiyyə ilə əlaqəli işin təşkili, 2-i ərazidə qeyri-qanuni tikililər,  4-ü təhsillə bağlı, 2-i həqiqi hərbi xidmətə çağırış, 2-i 31 mart və Xocalı soyqırımı, 1-i Bayraq günü, 2-i gənclərin asudə vaxtları, 45-i təsərrüfatdan ayrılma, 4-ü bayramlara aid edilmişdir.
            Nümayəndəlik sərəncamlarından irəli gələn vəzifələrin icrasına daim səy göstərmişdir.
            Nümayəndəliyə vətəndaşlar tərəfindən 58 şifahi müraciət daxil olmuşdur. Daxil müraciətlərdən 6 — ı mübahisə, 3-ü ev tikilməsi, 3-ü ailə münaqişəsi barədə, 4-ü torpaq kartı, 3-ü həyətə qum tökülməsi , 4 müraciət pay torpağının «KOLİN» şirkəti tərəfindən korlanması, 12 müraciət qazın təzyiqinin aşağı olması və qaz verlişinin dayandırılması, 3-ü həyətyanı torpaqla , 2 -i kanalların təmizlənməsi, 4 — ü maddi yardım, 4-ü subsidiya, 2 — i qonşusu tərəfindən heyvan peyininin yola tökməsi, 2-i vətəndaşın həyətinə gedən yolun qonşusu tərəfindən tutulması, 6 müraciət elektrik xəttlərinin və dirəklərinin yararsız olması ilə bağlı olmuşdur. Şifahi müraciətlər vaxtında  araşdırılaraq müsbət həll olunmuşdur.
              Nümayədəlik tərəfindən kargüzarlıq işləri "Dövlət hakimiyyət orqanlarında idarə, təşkilat müəssisələrində kargüzarlığa dair" təlimatın tələbləri səviyyəsində aparılmışdır. 2019-cu ildə ərazi nümayəndəliyə müxtəlif təşkilatlardan  42 məktub daxil olmuşdur. Daxil olan sənədlər təsnifatı üzrə qruplaşdırılmış, məlumat tələb olunanlara cavab hazırlanaraq göndərilmiş, digərləri isə rəhbərlik üçün işə qəbul edilmişdir. Nümayəndəlik tərəfindən müxtəlif təşkilatlara və vətəndaşlara 135 məktub göndərilmişdir. Göndərilən sənədlərin qeydiyyatı kitabı və surətlərinin saxlanması üçün qovluq açılmışdır.
              "Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə"yə və Azərbaycan Respublikasının "Ailə məcəlləsinə" əsasən nümayəndəlik tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı aparılmışdır.
              Çaxırlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2019-cu ildə 12 doğum, 3 nikah, 28 ölüm faktlarının qeydiyyatı aparılmışdır. Nikah faktlarının qeydiyyatı zamanı hər hansı müddət pozulmasına yol verilməmiş, rüsum haqları vaxtında ödənilmişdir. Bəzi hallarda isə vətəndaşların səhlənkarlıqları nəticəsində ölüm faktlarının qeydiyyatlarının aparılmasında gecikmələrə yol verilmişdir. Nümayəndəlik tərəfindən Azərbaycan Respublikası "Ailə Məcəlləsi" əsas tutularaq  ərazidə azyaşlı qızların erkən nikahlarının qarşısının alınması bir vəzifə olaraq daim diqqət mərkəzində olmuşdur.
            Azyaşlı qızların erkən nikahlarının qarşısının alınmasından ötəri ərazinin ziyalıları, ağsaqqları və ictimaiyyətin nümayəndələri ilə yığıncaqlar kecirilmişdir.
            Nümayəndəlik tərəfindən ərazidə yaşayan vətəndaşlara onların şəxsiyyəti, ailə vəziyyətini təsdiq edən arayışlar və digər arayış xarakterli sənədlər verilmişdir. Verilmiş arayış və sənədlər normativ hüquqi aktlara istinad olaraq təqdim edilmiş və surətləri nümayəndəlikdə saxlanmışdır.
            Dövələtimiz hər zaman gənc nəslin təlim-tərbiyəsinə diqqətlə yanaşır. Yetişməkdə olan nəslin inkişafında təhsil müəssisələrinin müstəsna rolu böyükdür. Ərazidə 2 ümumi orta və 2 tam orta məktəbvardır. Məktəblərdə 701 şagird təhsil alır, onların təlim tərbiyəsi ilə 96 müəllim məşğul olur. 1-9 siniflərdə şagirdlərin dərsə davamiyyəti 90-95 faiz, yuxarı siniflərdə davamiyyət orta  səviyyədədir.  2018-2019-cu  tədris ilində 11-ci sinifi bitirmiş 35 məzundan 23 nəfər ali məktəbə, 11 nəfər isə kolleclərə daxil olmuşdur.
            Ərazidə 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi fəaliyyət göstərir. Həkim məntəqəsində 2 həkim , 1 stamtoloq, 1 mama, 2 orta tibb işçisi , 1 kiçik tibb bacısı nümunəvi tibbi xidməti göstərir. Həkim məntəqəsi tərəfindən hesabat ilində 1 yaşdan 6 yaşa qədər uşaqlar arasında lazım olan 557 peyvənd  aparılmışdır. Uşaqlar arasında göy öskürək, diftria, hepotit, tetanus və qızılca kimi xəstəliklər müşahidə olunmamışdır.
            Ərazi nümayəndəliyinin mühüm işlərindən biri də məktəblərdə vətənpərvərlik mövzusunda tədbirlər keçirtmək, gənclərin hərbi biliklərinin təkmilləşdirilməsində onlara köməklik göstərmək və onları böyük ruh yüksəkliyi ilə Milli Ordu sıralarına yola salınmalarını təmin etməkdən ibarətdir. Bu iş mütəmadi həyata keçirilir.
            Qarabağ uğrunda döyüşlərdə 3 gəncimiz şəhid və 15 gəncimiz əlil olmuşdur. Şəhid ailələri və Qarabağ əlilləri qayğı ilə əhatə olunur. Onaların xatirələri həmişə əziz tutulur və bundan sonra da belə olacaqdır.
            Bütün evlərə elektrik və qaz sayğacları quraşdırılmışdır.
            Ərazidə təbii qazdan istifadə edən 920 abonent vardır. Qazın təzyiqinin aşağı olması ilə bağlı ərazi nümayəndəliyinə müraciət edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısının məsələyə müdaxiləsindən sonra qazın təzyiqi artırılmışdır. Hal-hazırda ərazidə qazın təzyiqi normaldır.
            Hesabat dövründə sakinlərin mənəvi tərbiyəsi ilə bağlı, el adətlərinin yaşaması, dini dəyərlərin qorunması sahəsinə də diqqət yetirilmişdir.
            Ərazidə fəaliyyət göstərən 5 məsciddə dini icmalar yaradılmış, mərasimlər  dini adət-ənənələr  çərçivəsində yerinə yetirilir.
            Məruzəçi Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədovu əmin etmişdir ki, Çaxırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi bundan sonra da vətəndaşlara yanaşma tərzimizi yaxşılaşdıracaq, verilmiş tapşırıqların yerinə yetirilməsinə, ərazinin sosial problemlərinin həll olunmasına bütün qüvvə və bacarıqlarımızı sərf edəcək və bizə göstərilən etimadı doğrultmağa çalışacağıq.
           Müraciətlərin icrasına dair hesabatla bağlı nümayəndəliyin müavini Səməndər Təhməzov məruzə etdi.
           Sakinlərdən Mirqiyas Təhməzov,  Şəkur Bağırov, Rafiq Məmmədov, Bahar Əmiraslanova və başqaları çıxış edib Çaxırlı nümayəndəliyinin bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər.
           Hesabat yılğıncağına çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Ş.Məmmədov geniş nitqində ərazi nümayəndəsinin bir illik fəaliyyətini əks etdirən hesabat məruzəsinə münasibət bildirdi. Göstərdi ki, əhatəli məruzədə nümayəndəliyin fəaliyyəti geniş əks olundu. Rayonun rəhbəri diqqəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məruzə və nitqlərində qarşıya qoyulan vəzifələrə çəkib bildirdi ki, ölkəmizin hər yerində olduğu kimi Masallıda da işlər görülüb və görülür. Ş.Məmmədov hər əkilən ağacın, hər yeni tikilinin, çəkilən yolun, qurulan infrakstrun vətəndaşların məişət şəraitinin yaxşılaşmasına xidmət etdiyini bildirib, bu prosesdə fəal iştirak etməklə onların qorunmasının hər bir vətəndaşın vəzifəsi olduğunu vurğuladı, bu istiqamətdə tövsiyələr verdi.
                     

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az