Haqqımızda/Əlaqə



  Masallı respublikamızın cənub-şərqində yerləşir. O, həm rayon və həm də şəhərdir. Masallı rayonu 08 avqust 1930-cu ildə yaradılmışdır. Ərazisi 721 kv. km, əhalisi 220 min nəfərdən çoxdur. Rayonun mərkəzi Masallı şəhəridir. Masallıya 23 avqust 1950-ci ildə qəsəbə, 20 yanvar 1960-cı ildə isə şəhər statusu verilmişdir. Masallı şəhərindən Bakıya 232 km-dir. 

     Masallı toponiminin (toponim yunan dilində “yer adı” deməkdir) izahı ilə bağlı müxtəlif mülahizələr vardır. Masallı toponimi gah Masal tayfası, gah Masal şəxs adı ilə əlaqələndirilir, gah “misallı, misal çəkilən yer”, gah İranın Masal şəhərindən gələnlər, gah da İraqın Mosul əyalətindən gələnlər kimi izah olunur.  Rəmzi Yüzbaşov, Kamil Əliyev və Şəmsəddin Sədiyev Masallının “Masal nəslinə mənsub yer” olduğunu yazırlar (Azərbaycanın coğrafi adları. B., 1972, səh.68).  Musarza Mirzəyev və Şahrza Ağayev Masallı toponimini İranın Masal bölgəsindən gələnlərlə əlaqələndirərək, Masallı adındakı “Masal”ı – yer, ərazi, “lı” – şəkilçisini isə məkan bildirən şəkilçi kimi qeyd edirlər (Masallı toponimləri. B.,1992, səh.35).  Musarza Mirzəyevin yuxarıda qeyd olunmuş fikrinə onun “Talış toponimlərinin qısa izahlı lüğəti” kitabında da (B.,1993, səh.46) rast gəlinir. “Azərbaycan Respublikasının Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabından oxuyuruq: “Masallı. Coğrafi adın tərkibindəki Masal şəxs adı, “lı” etnik mənsubiyyət  (?) bildirən şəkilçidir” (Budaq Budaqov, Nadir Məmmədov. B.,2007, səh.56). “Azərbaycan toponimlərinin ensiklopedik lüğəti” kitabında isə yazılır: “Yaşayış məntəqəsini Cənubi Azərbaycanın Masal mahalından gəlmiş ailələr salmışlar. Oykonim “Masaldan olanlar, Masaldan gələnlər, masallılar” mənasındadır” (II cild. B.,2007, səh.96).

      Göründüyü kimi Masallı toponiminin etimologiyası ilə bağlı fikirlər müxtəlifdir. Maraqlıdır ki, akademik Budaq Budaqov və professor Nadir Məmmədov həmmüəllifi olduqları “Azərbaycanın  Lənkəran regionu toponimlərinin izahlı lüğəti” kitabında Masallı toponimi ilə bağlı yekdil fikir söyləməmişlər. Müəlliflər Masallı adındakı “Masal”ı şəxs adı, “lı”nı isə etnik mənsubiyyət kimi izah etmişlər. Halbuki, bu toponimika elminin qanunauyğunluqlarına ziddir. Buradan Masallının antroponim (şəxs adı) və ya etnonim (tayfa adı) olması məlum olmur. Antroponim və etnonim fərqli anlayışlardır. 

     Fikrimcə, Masallı etnonimdir, yəni tayfa adı ilə bağlı olan yer adıdır. Burada “Masal”  tayfa, “lı” isə mənsubiyyət bildirən şəkilçidir. Yəni, Masallı “Masal tayfasından olanlar, Masal tayfasının yaşadığı yer” mənasındadır. Yardımlı toponimi də eyni qəbildəndir. Astanlı, Qubadlı, İsmayıllı, Əhmədli və digər bu kimi yer adları isə antrotoponimdir, yəni şəxs adı ilə bağlı yer adlarıdır.

                                                                                                İldırım ŞÜKÜRZADƏ, 

                                                                                                    tədqiqatçı-tarixçi

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff