Ovsunlardan, cadulardan ən çətin əməliyyatlaradək

İnsan yarandığı vaxtdan ölümədək xəstəliklər əhatəsində yaşayır. Hələ qədim insan bu xəstəliklərə qarşı mübarizəyə qalxıb - türkəçarələrdən, dərman bitkilərindən, ,eləcə də ovsunlardan, cadulardan istifadə etməklə ona gələn bəlalardan qurtulmağa çalışıb. Və minilliklərin təcrübəsindən, sınağınfdan keçərək , bu günkü səhiyyə sisteminə nail olub.
Dünya xəritəsində az qala görünməz nöqtə olan Masallı da min illər həkimsiz, xəstəxanasız yaşayıb. Hər şey ara həkimlərinin məharətindən,kəramətindən asılı idi.
Uzaq minillikləri demirik, 100 il bundan qabaq kiminsə cərrahiyyə yolu ilə korbağırsağını kəsmək, daxili orqanlarına rentgendə baxıb bilmək möcüzə sayılırdı.
İlk həkimlər axundlar olub
İlk alimlərimiz İraqda Nəcəf şəhərində ruhani təhsil alanlar olub. 1920-ci ilədək 75 nəfər masallılı ruhani məktəblərini bitirib doğma yurda qayıdıblar. 14-15 illik təhsil müddətində 24 fənn üzrə ixtisaslaşan bu şəxslər təbabət elminin də sirlərinə yiyələnmişdilər. Onlardan 4 nəfəri isə Vətənə Axund-təbib kimi, ruhaniliklə yanaşı tibb elminin incəliklərinə mükəmməl bələd olan alim kimi qayıtmışdılar.
Həmin şəxsləri sizə təqdim edirik:
1.Molla Əli axund Vəlikullah (1878-1927) Şərəfə kəndi
2.Molla Məhəmməd Axund ( 1830-1924) Köhnə Alvadı
3.Şeyx Məhəmməd Axund Kərbalayı Novruz o .( 1879-1936) Sığıncaq kəndi
4.Şeyx Həsən Axund Qasımzadə (1862-1938) Çaxırlı kəndi.
SINIQÇILAR
Həmin dövrdə sınıqların müalicəsi, bərpası çox çətin bir iş idi. Şərəfəli Kərbalayı Cəfər bu sahədə o qədər şöhrətlənmişdi ki, hətta qonşu rayonlardan onun yanına xəstələr gətirirdilər. Çaxırlılı Cəlal Kərimoğlu və Banbaşılı Hənifə kişi də bu sahədə mahir idilər.
Qədim müalicə üsullarından olan “Banka qoyub qan almaq”,”Bətkəş üsulu” , ”Zəli vermə”, ”Təndirdə tər çıxartma “ və s.müalicə formalarından bu gün də istifadə olunur.
XORTLAYANLAR
Müxtəlif xəstəliklərin səbəblərindən xəbərsiz olan əhali bəzi sətəlcam olanları ölmüş bilib basdırırdılar. Təxminən 1921-22-ci illərdə Gəyəçöl kəndində olmuş belə hadisəni mənə Kərbalayı Əbbas danışıb.O Gəyəçöl kənd qəbirstanlığının yanından keçəndə zarıltı eşidir.Camaatı səsləyir.Qəbri açırlar,məlum olur ki, həmin gün sətəlcəmdən ölən gəlinin burnundan qan açılıb,o dirilib.
O DÖVRÜN APTEKİ ƏTTAR dükanları idi .
(ərəbcə ətriyyat, dərman bitkiləri satılan yer)
Masallıda ilk əttar dükanının sahibləri Mirzə Rəfi Axundov ( Şərəfə) və İsmayıl Xamməd oğlu ( masallı ş.) idi.
Dərman bitkilərinə yaxşı bələd olan bu şəxslər həkimlərin göstərişi ilə onu xəstələrə satırdılar. Həkim xəstə üçün ressept yazırdı; bu bitkilərin adını, miqdarını və dozasını göstərirdi.
Quduzluq
Keçmiş dövrün xəstəliklərindən biri də qudurmuş itlərin adamları tez-tez qapması və bunun nəticəsində çox ağır xəstəlik olan quduzluğun yayılması idi.
Əsrin ilk onilliklərində Masallıda ən məşhur türkəçarə müalicə ilə məşğul olanlar Fatimə
(Masallı) və Sələmə ( Səmidxan ) idi.
QOTURLUQ
1918-ci ildə əhalinin 70-80% qoturluq xəstəliyinə tutulmuşdu. Əsas səbəb də həmin vaxtlar çit parçadan olan geyimlərin və yorğan –döşək üzünün tapılmaması idi. Sonra tacirlər xarici ölkələrdən çoxlu miqdarda “Cüci “ adlanan çit parçalar gətirdi .Kütləvi istifadə edilən bu parçadan camaat qoturluğa tutuldu. Bu xəstəliyi Masallıdakı həkimlər o vaxt müalicə edə bilmədi. Təkcə ,Göytəpə kəndində bir rus həkimi xüsusi mazla həmin xəstələri sağaldırdı.
Ümumiyyətlə, keçmiş dövrün xəstəlikləri, primitiv müalicə üsulları, necə deyərlər, ucuz ölümlər haqqında onlarla, yüzlərlə, misal çəkmək olar. Düzdür, o vaxt bu qədər əhali, bu qədər xəstə (hələ təzə çıxan xəstəlikləri demirəm) yox idi.
Ancaq bircə məqamı nəzərə çatdırıram ki, bu günün ən bəyənilməyən həkimi, o vaxt bu yerdə professor kimi qarşılanırdı.
1920-ci ildən sonra
Masallı səhiyyəsinə kimlər rəhbərlik edib?
SPARYAGİN - 1922-ci ilin axırına kimi Masallının mərkəzində əsli kalinovkalı olan Sparyagin adlı bir şəxs müalicə aparırdı.
İndiki T.Bayraməlibəyov (keçmiş Sovet) küçəsinin axırında yerləşən birmərtəbəli, bir mənzilli otaq onun həkimxanası idi.
ILYAS AXUNDOV ( 1925-1928)
1925-ci ildə əslən Lənkəranlı olan İlyas Axundov Masallı baş həkim göndərildi. Necə deyərlər, o Masallının ilk baş həkimi idi.
Haşiyə: -ötən əsrdə çar hökuməti dövründə, indiki 5 saylı rabitə şöbəsinin yerində ,qırmızı kərpicdən tikilmiş kiçik bir rus məktəbi vardı 1924-cü ildə baş verən zəlzələ həmin binanı dağıtmışdı
İlyas Axundov baş həkim gələndən sonra çox təşkilatçılıq göstərib, rəhbərliyin və əhalinin köməyi ilə (iməciliklər yolu ilə) həmin rus məktəbini söküb 1 ilə orada həkimlər üçün bina tikdirdi. Orada ağır xəstələr üçün bir neçə çarpayı da qoydurmuşdur.
Rzayev (1928-1934)
1928-ci ildə İlyas Axundov başqa rayona göndərildiyi üçün Masallıya Rzayev familiyalı, ali təhsilli bir şəxs baş həkim göndərildi.
Onun həyat yoldaşı İsmət xanım da ali təhsilli həkim idi.
Rzayevin işlədiyi dövr əsasən qızdırma xəstəliyinə qarşı aparılan kütləvi mübarizə ilə bir vaxta düşdü. Rzayev işlə əlaqədar rayona əlavə həkim briqadası gətirdi.85-dən artıq gölməçəni, bataqlığı qurutdurdu, ucuz qiymətə çoxlu miçətkən gətizdirib əhaliyə satdırdı.
ƏLİQULU CƏFƏROV (1935-1941)
1936-cı ildə İlyas Axundovun təşəbbüsü ilə tikilən binaya 1938-ci ildə RPK köçdü.
Həmin günlərdə Dadva kənd sakini, səsdən məhrum, əmlakı müsadirə edilmiş Hacı Əbdüləlinin 2 mərtəbəli, çox mənzilli otağı Mərkəzi Xəstəxanaya verildi.
Həmçinin o həyatda olan Qara adlı, səsdən məhrum digər şəxsin evi də həkimlərin ixtiyarına verildi.
27 il, 1965-ci ilədək İsgəndərli kəndində yeni xəstəxana tikilənədək Masallının xəstəxanası həmin evlərdə yerləşib.
Qeyd: Vaxtı ilə xəstəxana olmuş həmin evlər hazırda sökülmüş, yerində yeni yaşayış evləri tikilmişdir.
ƏBDÜLSƏMƏD ABBASOV
Masallıda səhiyyə şöbəsinin təşkilindən 16 il sonra ,1941-ci ildə ilk dəfə masallılı həkim qızılağaclı Əbdülsəməd Abbasov rayon səhiyyə şöbəsinə baş həkim təyin edilmişdir.
Müharibə illərində rayona rəhbərlik etmiş bu şəxs olduqca məsuliyyətli, öz xalqını sevən bir şəxsiyyət idi.
Tarixdən məlum olduğu kimi Ə.Abbasov rayonda baş həkim işlədiyi dövrdə, xüsusən 1944-cü ildə kütləvi aclıq başlananda 60 minlik əhalinin 43 mini sağ qalmışdı. Dünyasını dəyişən 17 min nəfərin 8 mini aclıqdan ölmüşdü
Həmin vaxtlarda səpgili yatalaq xəstəliyi tüğyan edirdi. Çox sürətli keçirici xəstəlik olduğu üçün bir çox həkim qorxusundan xəstəyə yaxın getmirdi.
Bu xəstəliklərin müalicəsində indi yaşı 80-i haqlamış Həbib Zahidov və baş həkim Abdülsəməd Abbasov böyük fədəkarlıq göstərirdi.
Ancaq bu fədakarlıq onlara baha başa gəldi.H.Zahidov ağır xəstələnsə də təsadüf nəticəsində sağ qaldı,baş həkim Abbasov isə gecə-gündüz apardığı müalicə günlərində özü həmin xəstəliyə yoluxub dünyasını dəyişdi.
1945-ci ilin əvvəlində Ə.Abbasovdan sonra Masallı göndərilən Hacızadə Cəmi 1 il bu vəzifədə çalışdı və gəlişi ilə heç bir yenilik gətirmədi.
Həmin illərdə Məryəm xanım Ağayeva adlı həkim Sara adlı mama Masallıda çalışırdı.
Rəhim Həşimov ( 1946-1953)
1946-cı ildə Rəhim Həşimov Masallıya baş həkim göndərildi. O çox bacarıqlı və təşəbbüskar insan idi.
O işlədiyi vaxtadək rayonda rentgen aparatı qoyulacaq yer yox idi. R.Həşimovun təşəbbüsü ilə indiki 2 saylı uşaq bağçasının həyətində bina tikdirib, rentgen otağı təşkil etdi.
Düzdü, bu tikintiyə görə başı çox ağrıdı, hətta az qaldı tutula da. Sonda həqiqət qalib gəldi.
1953-cü ildə o, Bakıya çağrılaraq başqa işə keçirildi.
Məcid Rəhimov (1953-1970)
Rayonda səhiyyə sisteminin 1922-ci ildən təşkilini nəzərə alsaq 1953-cü ilədək , 31 il ona cəmi 1 masallılı , qızılağaclı Ə.Abbasov rəhbərlik edib. ,özü də 4 il 1 953-cü ildən isə hakimiyyəti ələ alan masallılar onu uzun müddət özlərində saxlaya bildilər.
Bu sahədə ən uzun hakimiyyət Məcid Rəhimova məxsusdur:17 il.
O bu müddətdə Masallı Səhiyyəsi üçün xeyli faydalı işlər görüb.
1965-ci ildə Masallıda həmin dövr üçün mühüm hadisə olan xəstəxana kompleksi istifadəyə verildi.
Masallıda həmin dövrədək cərrah yox idi. Əməliyyat olunası xəstələr Lənkəran xəstəxanasına aparılırdı.
Həmin dövrdə Masallıda fəaliyyətə başlayan Abbasəliyev (Lənkəran) Bahadır Məmmədov (Masallı şəhəri) ,Asəf Əhmədli ( Masallı ş) . Üzeyir Məmmədov (Qızılağac) necə deyərlər ,Masallıda cərrahlığın əsasını qoydular.
M.Rəhimovun dövründə rayona Zenfira İsmayılova, Ağabacı Rzayeva, Səkinə Ələkbərova, Nəzifə Əfəndiyevin və başqa qadın həkimlər fəaliyyətə başladı.
1956-cı ildə təşkil edilən “ Vərəm” dispanseri də M.Rəhimovun dövrünə təsadüf edir.
Üzeyir Məmmədov (1970-1972) Qızılağac kəndi
Y.Məmmədov çox qısa müddət işlədiyi üçün yadda qalan işlər görməyə vaxtı çatmadı.
Həsən Abdullayev (1972-1981) Masallı şəhəri.
H. Abdullayev Masallının ən gənc baş həkimi olub. Orta məktəb gümüş, ali məktəbi fərqlənmə diplomu ilə bitirən Həsən Abdullayev həm də gözəl cərrah idi. Onun dövründə hazırki xəstəxana kompleksinin tikintisinə başlanıldı və tikinti işlərinin əksəriyyəti sürətlə icra edildi. Həmçinin Boradigah xəstəxanası yeni binaya köçürüldü. Kənd rayonlarındakı xəstəxanalar üçün o vaxt nadir avadanlıq sayılan bir çox tibb aparatları rayona gətirildi.
Vaqif Əhmədov ( 1981-1994) Çaxırlı
Qeyd: 1992-93-cü illər bu vəzifədə Hakim Fərəcov işləmişdir.
Vaqif Əhmədovun dövründə Həsən Abdullayevin başladığı xəstəxana kompleksi başa çatdı. Səhiyyənin maddi texniki bazasını möhkəmləndirmək üçün bir sıra mühüm işlər görüldü.
Hazırladı : Hüseyndadaş Əsədli
Masallı şəhəri,90 yaşlı təqaüdçü
Qeyd: Masallının canlı ensklopediyası sayılan H. Əəsdli artıq dünyada yoxdur. Amma onun araşdırmaları hələ də təravətini itirməyib. Təqdim olunun yazı isə ilk dəfə “Cənub xəbərləri” nin əlavəsi kimi çap olunan “Masallı səhiyyəsi” adlı buraxılışda çap olunub.

Masallilar.az © 2o18 - Bütün Hüquqlar Qorunur!
Hazırladı Tural Rasuloff
masallilar.az masallilar.az masallilar.az masallilar.az