Masallı kitablarda
Masallı məqalələrdə
Masallıda folklor
Bu maraqlıdır
Masallının sərvətləri
Səhv tapmısınız?
Rəy sorğusu
Aktiv sorğu yoxdur
Axtarış
 

Mətbuat tarixi

1932-ci ilin mayın 31-də Masallıda “Yeni həyat” qəzetinin nəşrə başlaması rayonun ictimai-siyasi həyatında ən mühüm hadisələrdən biri sayılır. “Yeni həyat” Masallı Rayon Partiya Firqəsinin və İcraiyyə Komitəsinin orqanı kimi fəaliyyət göstərib. Yaxın keçmişimizdən bu günümüzə körpü rolunu oynayan bu qəzetin rayonumuzun inkişafında, mədəni həyatında rolu az olmamışdır. İlk illər rayon partiya firqəsinə rəhbərlik edən İlya Minsiyev (bəziləri Mişov deyir) həm də “Yeni həyat” qəzetinin məsul redaktoru olub. O vaxtlar Masallıda mətbəə olmadığından qəzetin ilk sayları Lənkəranda nəşr olunmuşdur. 1933-cü ildə Masallı MTS-də nəşr olunan “Kolxoz bayrağı” və 1935-36-cı ilərdə Ərkivanda çıxan çoxtirajlı “Bolşevik yolu” qəzetlərinin redaktorları Oruc Əliyev və Nemət Nemətov sonralar “Yeni həyat”ın məsul katibləri və redaktorları olmuşlar. 1934-cü ildən etibarən “Yeni həyat” Masallıda çap olunmağa başlayıb. O vaxtlar həftədə 600-800 tirajla çıxan qəzetin materialları əllə yığılıb sonra “Amerikanka” maşınında çap edilirdi. 1934-cü ildə “Yeni həyat”n ilk təsdiq edilmiş redaktoru Məmmədağa Sultanov (Bakı) olmuşdur. 1935-ci ildə redaktorluqdan getmişdir. Boradigahlı Cəbrayıl Məmmədov 1938-39-cu illərdə “Yeni həyat”ın redaktoru olmuşdur. Masallı şəhərindən Minəvvər Əhmədova “Yeni həyat”ın məsul katibi və redaktor əvəzi işləyib. 1962-ci ilin mayında “Yeni həyat”ın nəşri dayandırılıb. May 1962-ci ildən iyun 1965-ci ilə kimi Lənkəranda çap olunan “Leninçi” rayonlararası qəzeti fəaliyyət göstərmişdir. 1965-ci ilin avqustunda Masallıda “Çağırış” qəzeti nəşrə başlamışdır. Qəzetə bir müddət Moskva Ali Partiya Məktəbinin mətbuat şöbəsini bitirən Bərdəli İnqilab Əliyev redaktorluq etmişdir. 1966-cı ildə “Çağırış”ın (“Yeni həyat”) redaktorluğu Lənkəranlı Vaqif Hüseynova həvalə edilmişdir. 1968-ci ildə ən yaxşı tərtibatı üçün “Çağırış” qəzeti SSRİ Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatına, 1983-cü ildə 50 illik yubileyi münasibətilə respublika Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına layiq görülmüşdür. Qəzet həmin illərdə 13-14 min tirajla çap olunmuşdur. 1977-ci ilin may ayında Vaqif Hüseynov redaktorluqdan getmişdir. Həmin ilin avqustundan Masallı RPK-da təbliğat-təşviqat şöbəsinin müdiri işləyən İbrahim İbrahimov “Çağırış” (“Yeni həyat”) qəzetinə redaktor təyin olunmuşdur. Çağırış”ın nəşri 1994-cü ilin iyul ayında dayandırılmışdır. 1994-cü ilin 28 iyulunda Masallı RİH-ın təsisçiliyi ilə (həmtəsisçisi qəzetin jurnalist kollektivi olub) “Yeni Qəzet” nəşrə başlayıb. Çaxırlılı Rahid Ulusel qəzetin redaktoru təyin olunub. 28 yanvar 2002-ci il tarixdən “Yeni qəzet”in redaktoru Köhnə Alvadılı İnşallah Məmmədov olmuşdur. 1 aprel 2002-ci ildə Masallı mətbuat tarixinin 70 illiyi ərəfəsində “Yeni Qəzet”in yaradıcı kollektivi rayon icra hakimiyyətinə qəzetin 1932-ci ildəki adının qaytarılması barədə müraciət edib. RİH başçısı 2002-ci il aprelin 5-dən “Yeni Qəzet”in “Yeni həyat” adı ilə çap olunması barədə sərəncam imzalayıb. 1 may 2003-cü il tarixdən “Yeni həyat” qəzetinin baş redaktoru Əyyub Mehdiyev təyin olunmuşdur. 2007-ci ildə qəzetin 75 illiyi təntənə ilə qeyd edilmiş, əməkdaşlardan üç nəfərinə - baş redaktor Əyyub Mehdiyev, redaktor müavini Rəsul Rzayev və məsul katib Həsənağa Əliyevə “Qızıl Qələm” media mükafatı, onlarca yazarına Masallı Rayon İcra Hakimiyyəti başçısının “Fəxri fərman”ları verilmidir. 2010-cu ildə Milli Mətbuatımızın 135 illiyi münasibətilə qəzetin baş redaktoru Əyyub Mehdiyev “Tərəqqi” medalı ilə təltif edilmişdir. İdman tədbirlərini müntəzəm işıqlandırdığına görə “Yeni həyat” 2010-cu ildə rayon qəzetləri arasında fərqlənmiş və Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının diplomuna layiq görülmüş, baş redaktor Əyyub Mehdiyev və məsul katib Həsənağa Əliyev mükafatlandırılmışlar. Əvvəllər qəzet ayda, iki ayda çap olunurdusa, tirajı az idisə, bu gün “Yeni həyat” həftədə 1 dəfə 2250 tirajla çıxır. Hazırda “Yeni həyat” qəzetində Əyyub Mehdiyev baş redaktor, Rəsul Rzayev redaktor müavini, Həsənağa Əliyev məsul katib vəzifələrində çalışırlar.

Yerləşdirilib: 23.11.2012 08:21 | Baxılıb: 1041 | ]]> +   -   Çap]]>
Bu bölmədə
19.12.2013
Din xadimləri
04.12.2013
Ədəbiyyat tarixi
Şərh əlavə etmək
* Adınız

* Mətn

 
© 2018 All right reserved www.masallilar.az Powered by Danneo